Azərbaycanda problemli kreditlərin həcminin artması son günlər müzakirə olunan iqtisadi məsələlərdəndir. Kredit götürən insanların bir qismi aylıq ödənişlərini vaxtında edə bilmir. Bunun səbəbləri arasında gəlirlərin kredit ödənişlərinə çatmaması və borclanmanın artması göstərilir. Kreditlər insanların ehtiyaclarını qarşılasa da, düzgün hesablanmadıqda ciddi maliyyə yükü yarada bilər.
Maraqlıdır, Azərbaycanda problemli kreditlərin artmasının əsas səbəbi əhalinin gəlirlərinin kredit ödənişlərinə çatmaması, yoxsa kreditlərdən həddindən artıq istifadə edilməsidir?
İqtisadçı ekspert Xalid Kərimli Editor.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin formalaşmasında həm əhalinin gəlirlərinin kredit ödənişlərinə çatmaması, həm də kreditlərdən həddindən artıq istifadə edilməsi rol oynayır:
“Hesab etmirəm ki, burada qeyd etdiyiniz iki amili bir-birindən ayırmaq olar. Hər ikisi, təbii ki, problemli kreditlərin formalaşmasında rol oynayır. Hər ikisinin təsiri var.
Amma ölkədə, birincisi, problemli kreditlərlə bağlı ciddi bir problem yoxdur. Problemli kreditlər mövcuddur, amma bu, ciddi təşviş yaradacaq vəziyyətdə deyil. Bank sektoru və maliyyə sektoru üçün başağrısı yaradacaq vəziyyət yoxdur. Yəni onlar narahat deyillər. Fərdi insanlar üçün, ola bilsin ki, hansısa borc götürən şəxs üçün problemdir, amma ümumi iqtisadiyyat, ümumi çoxluq üçün problem deyil.
Bu sahədə də Mərkəzi Bank banklar qarşısında kifayət qədər sərt tələblər qoyub. Kredit kartı limitlərinə qoyulan tələblər, istehlak kreditləri verilən zaman borc-gəlir nisbətinin qorunması və sair məsələlər həddindən artıq borclanmanın qarşısının alınması baxımından kifayət qədər sərtdir.
Amma indi vətəndaş, belə deyək, təkcə bank sektorundan istifadə etmir. BOKT-lar var, mağazalar var, görürsünüz, özləri də daxili hissə-hissə ödəniş hesabına borc verirlər, hissəli ödəniş imkanları yaradırlar. Yəni bunlardan, lombardlardan və digər mənbələrdən istifadə etməklə, öz gəlirlərini nəzərə almadan borc yükünü artıranda, həmin ailənin və ya fərdin problemi yarana bilər.
Yəni burada dövlətin, Mərkəzi Bankın və maliyyə sektorunun hər hansı bir problemi yoxdur ki, deyim ki, burada problem var və buna görə də bu, geniş kütləyə təsir edir. Ayrı-ayrı fərdlər və ailə təsərrüfatları ağır problemin altında ola bilərlər. Amma bu, ümumi vəziyyəti xarakterizə etmir. Ölkədə problemli kreditlərin, yəni qeyri-işlək kreditlərin kredit portfelində xüsusi çəkisi 2,9 faizdir.
Mən xatırlayıram ki, 2015-ci illərdə bu göstərici 16-17 faiz idi. Hətta 2020-ci illərin əvvəlində də bundan iki-üç dəfə çox idi. Yəni bu baxımdan, bəlkə də, bank sektoru ən yaxşı dövrlərindən birini yaşayır: sabitlik, problemli kreditlərin xüsusi çəkisinin aşağı olması və eyni zamanda kredit portfelinin böyüməsi.
Amma dediyiniz məqamlar – fərdin öz gəlirlərini və xərclərini düzgün hesablaya bilməməsi, lazımından artıq borclanmaya getməsi və eyni zamanda inflyasiya proseslərinin mövcudluğu – bütün bunlar təsir göstərir. Xüsusilə ərzaq inflyasiyasında artım daha sürətlidir. Təbii ki, qiymət səviyyəsinin artması, xərclərin yüksəlməsi və yaxud fərdin birdən-birə gəlirlərinin aşağı düşməsi – bunların hamısı təsir göstərir”.
//Gülnarə Abasova, Editor.az

