Sinir sistemi üçün ən faydalı qidalar açıqlanıb – ekspert tövsiyələribackend

Sinir sistemi üçün ən faydalı qidalar açıqlanıb – ekspert tövsiyələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gün ərzində artan əsəbilik və diqqət dağınıqlığı yalnız yorğunluq və yuxu çatışmazlığı ilə əlaqəli olmaya bilər. Mütəxəssislər bildirirlər ki, gündəlik qidalanma da sinir sisteminin fəaliyyətinə və insanın emosional vəziyyətinə təsir göstərən əsas amillərdəndir.

Editor.az xəbər verir ki, “Roskachestvo”nun bitki mənşəli məhsulların inkişafı üzrə Kompetensiya Mərkəzinin rəhbəri Olesya Maxovanın sözlərinə görə, bəzi bitki mənşəli məhsulların tərkibindəki maddələr sinir sisteminin normal fəaliyyətini dəstəkləyir və bağırsaqla beyin arasındakı əlaqəyə müsbət təsir göstərə bilər.

Ekspert qeyd edib ki, bu maddələrin orqanizmdə çatışmazlığı yaddaşın, diqqətin və emosional vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Giləmeyvələr xüsusilə faydalıdır

Maxova sinir sistemi üçün faydalı qidalar sırasında ilk növbədə giləmeyvələri qeyd edib. Onun sözlərinə görə, qaragilə, böyürtkən və tut gündəlik rasiona daxil edilə biləcək faydalı məhsullardandır.

Bununla yanaşı, qoz-fındıq və toxumlar da sinir sistemini dəstəkləyən qidalar arasında göstərilir. Xüsusilə qoz, kətan toxumu və çia toxumunun rasionda yer alması tövsiyə olunur.

Paxlalılar və tam taxıllar da önəmlidir

Mütəxəssis paxlalı bitkilərin və tam taxıllı məhsulların da əhəmiyyətini vurğulayıb. Noxud, mərcimək və qarabaşaq kimi məhsulların tərkibində orqanizmin serotonin istehsalında istifadə etdiyi maddələr var.

Serotonin insanın əhval-ruhiyyəsi və emosional vəziyyəti ilə əlaqəli neyromediatorlardan biridir.

Ekspert bununla yanaşı, sinir sisteminin sağlamlığı baxımından yalnız bir məhsula üstünlük verməyin düzgün olmadığını vurğulayıb. Əsas amil müntəzəm və balanslaşdırılmış qidalanmadır.

Mütəxəssis bildirib ki, uzun müddət davam edən ruh düşkünlüyü, yaddaş və ya diqqət problemləri yalnız qidalanma ilə əlaqələndirilməməlidir. Belə hallar davamlı xarakter aldıqda həkimə müraciət etmək vacibdir.

//Gülnarə Abasova, Editor.az