AFFA İntizam Komitəsi Misli Premyer Liqasının oyunlarında baş verən qayda pozuntularına görə bir neçə klub barəsində cərimə qərarı verib. Ən yüksək cərimə “Neftçi” komandasına tətbiq olunub.
Editor.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin keçirilən iclasında qərar qəbul edilib.
Misli Premyer Liqasının VII turunda keçirilən “Neftçi” – “Sabah” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri rəqib futbolçulardan birinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu səbəbdən “Neftçi” klubu 5 000 manat cərimələnib.
Eyni görüşdə dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” komandasına da 700 manat məbləğində cərimə tətbiq edilib.
İntizam Komitəsi oktyabrın 9-da baş tutan “Araz-Naxçıvan” – “Kəpəz” matçındakı pozuntu ilə bağlı da qərar verib. Qarşılaşma zamanı hesab tablosunun işləməməsi “Araz-Naxçıvan” klubunun 2 000 manat cərimələnməsi ilə nəticələnib.
Oktyabrın 11-də keçirilən “İmişli” – “Qarabağ” oyunu başa çatdıqdan sonra isə kənar şəxslər meydana daxil olublar. Baş verən hadisəyə görə “İmişli” klubuna 2 500 manat cərimə kəsilib.
Beləliklə, AFFA İntizam Komitəsinin qeyd olunan oyunlarla bağlı qərarları nəticəsində dörd kluba ümumilikdə 10 200 manat məbləğində cərimə tətbiq olunub.

