Azərbaycanda milli ideologiyanın araşdırılması, inkişaf etdirilməsi və təbliğinin daha sistemli təşkili üçün Milli Azərbaycançılıq İnstitutunun yaradılması təklif olunub.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin iclasında çıxış edib.
Deputat bildirib ki, milli ideologiyanın mahiyyəti müəyyənləşdirilərkən xalqın kimliyi, inancları və gələcəkdə hansı cəmiyyətdə yaşamaq istədiyi kimi fundamental məsələlərə aydınlıq gətirilməlidir.
Tahir Mirkişili Prezident İlham Əliyevin ideoloji təhlükəsizliklə bağlı fikirlərini xatırladaraq bu sahənin müasir dövrdə fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, internetin geniş yayılması, kibertəhdidlərin artması və süni intellekt texnologiyalarının inkişafı milli ideoloji mühitin qorunmasını daha aktual edir.
Deputatın fikrincə, Azərbaycanın milli ideologiyası üç əsas istiqaməti əhatə edir: dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri prinsiplər. O, bu yanaşmanın Ulu öndər Heydər Əliyevin 21 noyabr 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş çıxışında da geniş əksini tapdığını qeyd edib.
Tahir Mirkişili dövlətçilik prinsipinin Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasını, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsini nəzərdə tutduğunu bildirib. Onun sözlərinə görə, vətənə, xalqa, milli kimliyə və ana dilinə bağlılıq hər bir vətəndaşın dünyagörüşünün mühüm hissəsi olmalıdır.
Milli-mənəvi dəyərlərə toxunan deputat Azərbaycan dilinin, adət-ənənələrin və dini dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu dəyərlər Qurani-Kərimdə, Azərbaycan mütəfəkkirlərinin, dövlət xadimlərinin və digər tanınmış şəxsiyyətlərin irsində öz əksini tapır.
T.Mirkişili dinin şəxsi maraqlar naminə istifadə edilməsinin qarşısının alınmasının da əhəmiyyətini qeyd edib. Onun fikrincə, dini dəyərlərin sui-istifadə predmetinə çevrilməsinə imkan verilməməlidir.
Deputat ümumbəşəri dəyərlərin Azərbaycanın Konstitusiyasında təsbit olunduğunu xatırladaraq hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun milli ideologiyanın mühüm istiqamətlərindən biri olduğunu bildirib.
O vurğulayıb ki, dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri prinsiplər azərbaycançılıq ideyasının əsasını təşkil edir. Bu ideyanın cəmiyyətə daha dolğun çatdırılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün elmi araşdırmaların genişləndirilməsinə ehtiyac var.
Tahir Mirkişili alimlərin və tədqiqatçıların milli ideologiyanın öyrənilməsi istiqamətində daha sistemli fəaliyyət göstərməsinin vacibliyini qeyd edərək Milli Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib.
Deputatın qənaətinə görə, belə bir qurum milli ideologiyanın məzmununun zənginləşdirilməsinə, əsas istiqamətlərinin müəyyənləşdirilməsinə və azərbaycançılıq ideyasının təbliği üzrə uzunmüddətli strategiyanın hazırlanmasına töhfə verə bilər.

