ABŞ-da 1 milyon dollar dəyərində almaz tapıldıbackend

ABŞ-da 1 milyon dollar dəyərində almaz tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Arkanzas ştatında almaz axtaran kişi çəkisi 6,03 karat olan qiymətli daş aşkarlayıb. Tapılan almazın dəyərinin 1 milyon dollara qədər ola biləcəyi bildirilir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, 12 ildən artıqdır almaz axtarışı ilə məşğul olan Cek Piradin qiymətli daşı Arkanzas ştatında yerləşən “Almaz krateri” dövlət parkında tapıb.

Piradin dostu Maykl Şumaxerlə birlikdə park ərazisində süxurları ələkdən keçirərkən iri sarı almazla qarşılaşıb. O, tapıntı anını sosial şəbəkədə canlı yayımlayıb.

Almazı gördüyü zaman Piradinin böyük həyəcan yaşadığı və “Biz böyük bir şey tapdıq!” deyə qışqırdığı bildirilib.

Məlumata görə, çəkisi 6,03 karat olan sarı almaz bu il park ərazisində aşkarlanan ən böyük qiymətli daşdır. Piradin kolleksiyaçıların almazı təxminən 1 milyon dollar dəyərində qiymətləndirdiyini bildirib.

Lakin mütəxəssislər daşın real bazar qiymətinin daha aşağı ola biləcəyini düşünürlər. Litl-Rok şəhərindən olan təcrübəli qiymətləndirici Laura Stenlinin sözlərinə görə, almazın dəyəri təxminən 250 min dollar təşkil edə bilər.

Mütəxəssis qeyd edib ki, qiymətli daşın dəyəri onun keyfiyyəti ilə yanaşı, mənşəyi və digər xüsusiyyətlərindən də asılıdır.

Parkda almaz tapmaq mümkündür

“Almaz krateri” dövlət parkı ziyarətçilərə ərazidə qiymətli daş axtarmağa imkan verən dünyadakı nadir məkanlardan biridir.

Parka giriş haqqı 15 dollardır. Ziyarətçilər xüsusi ərazidə torpaq və süxurları ələkdən keçirərək tapdıqları almaz və digər qiymətli daşları özlərində saxlaya bilirlər.

Parkın məlumatına görə, 1972-ci ildən etibarən ərazidə 37 mindən çox almaz aşkarlanıb. Tapılan daşların böyük hissəsinin çəkisi təxminən 0,25 karat təşkil edir və onların dəyəri bir neçə yüz dollar civarında olur.

Ərazidə indiyədək tapılan ən böyük almaz isə 1924-cü ildə aşkarlanıb. “Sem dayı” adı verilən həmin daşın çəkisi 40,23 karat olub.

Cek Piradin isə tapdığı almazı satdıqdan sonra əldə ediləcək gəliri dostu Maykl Şumaxerlə bölüşməyi planlaşdırır. O, gələcəkdə öz mədənini açaraq qiymətli daşların hasilatı ilə məşğul olmaq niyyətindədir.

//Gülnarə Abasova, Editor.az