ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşner bu gün Mayamidə Ukrayna nümayəndələri ilə görüşərək yeni ideyaları müzakirə edəcəklər.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, onlar Ukraynadakı müharibənin həlli üçün vahid təklif hazırlamağa çalışacaqlar. Agentlik qeyd edir ki, bir gün əvvəl ABŞ dövlət katibi Marko Rubio münaqişənin təhlükəli bir çıxılmaz vəziyyətdə olduğunu bildirib.
Bundan əlavə, qeyd edildiyi kimi, bu həftənin əvvəlində ABŞ prezidenti Donald Tramp tezliklə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı etməyi planlaşdırdığını açıqlayıb.
Məqalədə qeyd olunur ki, münaqişənin həlli üçün səyləri indiyə qədər uğursuz olan Tramp Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar təşkil etməyə çalışır.
Mənbə nəşrə bildirib ki, Vitkoff və Kuşner “Amerikalı danışıqçıların regiona son səfərləri zamanı ruslar və ukraynalılarla birgə hazırlamağa başladıqları yeni ideyalar və təklifləri” müzakirə etmək üçün Ukrayna tərəfi ilə işgüzar görüş keçirəcəklər.
Mənbənin məlumatına görə, görüşdə Ağ Ev Milli Təhlükəsizlik Şurasının və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.
Kiyevi Ukrayna Baş Qərargah rəisi Kirilo Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Rüstəm Umerov və baş danışıqçı David Arakhamia təmsil edəcək.
Ukrayna tərəfi ilə danışıqlardan sonra Stiv Vitkoff və Cared Kuşner Ukraynadakı nizamlanmanı müzakirə etmək üçün Moskvaya səfər etmək niyyətindədirlər. Axios mənbələrə istinadən məlumat verir ki, Vaşinqton administrasiyası 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən və qış başlamazdan əvvəl danışıqlarda diplomatik irəliləyiş əldə etməyə ümid edir.
8 oktyabrda Vitkov və Kuşner ABŞ prezidenti Donald Trampa nizamlanma təkliflərini təqdim ediblər və Mayamidə Ukrayna nümayəndə heyəti ilə iki gün davam etməsi gözlənilən danışıqlardan əvvəl onun fikirlərini dinləyiblər.
Musavat.com

