Əli Əsədovdan qərar: Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə bağlı yenilikbackend

Əli Əsədovdan qərar: Azərbaycanın xaricdəki nümayəndəlikləri ilə bağlı yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndəliklərinin binalarında Dövlət Bayrağı, Dövlət Gerbi və xüsusi məlumat lövhəsi yerləşdiriləcək.

Editor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərarın mətni Nazirlər Kabinetinin rəsmi internet səhifəsində yayımlanıb.

Sənədə əsasən, xaricdəki ticarət nümayəndəsi və onun aparatı səfirlik və ya konsulluq binasından kənarda yerləşərsə, həmin binada və ya ərazidə Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılacaq. Bu zaman Azərbaycan və qəbul edən ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, eləcə də müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınacaq.

Qərara uyğun olaraq, nümayəndəliyin yerləşdiyi binada Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri də olacaq. Bundan əlavə, lövhədə Azərbaycan dilində və təyinat ölkəsinin dövlət dilində və ya dillərində ticarət nümayəndəliyinin adı qeyd ediləcək.

Lövhədəki yazının məzmunu nümayəndəliyin yerləşdiyi ölkədə Azərbaycanın səfirliyinin və ya konsulluğunun olub-olmamasından asılı olaraq müəyyənləşdiriləcək. Diplomatik nümayəndəliyin olduğu ölkələrdə müvafiq səfirlik və ya konsulluğun adı, belə nümayəndəliyin olmadığı ölkələrdə isə müvafiq dövlətin adı göstəriləcək.

Beləliklə, yeni qərar Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərinin tanınması və onların rəsmi atributlarının yerləşdirilməsi qaydalarını müəyyən edir.