Eyni torpaq sahələrini bir neçə nəfərə sataraq yüz minlərlə manat mənimsəməkdə təqsirləndirilən iki şəxsin məhkəmə prosesi yekunlaşıb. Ayxan Məlikov (ad və soyad şərtidir) 6 il 2 ay, Qabil Əliyev (ad və soyad şərtidir) isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Editor.az APA-ya istinadən xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda elan olunub.
İttihama əsasən, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə saxta elanlar paylaşaraq Xəzər rayonu və digər ərazilərdə eyni torpaq sahələrini təxminən 50 vətəndaşa satıblar. Bu yolla 500 min manatadək vəsaitin mənimsənildiyi bildirilir.
Onların sənədləşmə zamanı özlərini torpaq sahibi kimi təqdim etdikləri iddia olunur. Vətəndaşların şikayətlərindən sonra faktla bağlı cinayət işi başlanıb.
Hər iki şəxs dələduzluq və saxta sənədlərlə bağlı Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə ittiham olunub.

