İrəvanın ziddiyyətli siyasəti: Ermənistan niyə həm silahlanır, həm də sülh vədləri verir?backend

İrəvanın ziddiyyətli siyasəti: Ermənistan niyə həm silahlanır, həm də sülh vədləri verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın son dövrdə hərbi potensialını artırması və paralel olaraq Konstitusiya dəyişikliyi məsələsini uzatması regionda sülh prosesinin dayanıqlılığı ilə bağlı müəyyən suallar doğurur. Azərbaycan üçün əsas məsələ Ermənistanın bəyanatları ilə real addımları arasında uyğunluğun təmin olunmasıdır. Rəsmi Bakı regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsini, eyni zamanda Azərbaycanın milli təhlükəsizlik maraqlarının etibarlı şəkildə qorunmasını prioritet hesab edir. Bu baxımdan Ermənistanın həm siyasi, həm də hərbi istiqamətdə atdığı addımlar Azərbaycanın diqqət mərkəzindədir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın bu cür davranışı yeni deyil və son səkkiz il ərzində hakimiyyətin ziddiyyətli siyasətində bu yanaşma dəfələrlə müşahidə olunub:

“Ermənistan hazırda daxili məsələlərini həll edir. Prinsipcə, Nikol Paşinyan keçən 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmadan sonra bəyan elədi ki, parlament seçkilərindən sonra sülh istiqamətində real addımlar atacaqlar. Konstitusiya dəyişiklikləri ilə bağlı məsələyə son qoyacaq. Tramp Mərkəzi Zəngəzur dəhlizinin açılması ilə bağlı 2026-cı ilin ikinci yarısında real işlərə başlanacaq. Amma görünən odur ki, hələlik bu istiqamətdə hansısa ciddi addımlar atılmır.

Paşinyan seçkilərdə qalib gəlsə də, hələlik referendumla bağlı məsələlərdə biz tamamlanmış addımları görmürük. Doğrudur, Paşinyan bir müddət öncə Konstitusiya dəyişiklikləri ilə bağlı mövqeyini açıqlamışdı və orada Konstitusiyada İstiqlal Bəyannaməsinə istinadın da çıxarılmasını söyləmişdi. Yəni bu, pozitiv bir açıqlama olsa da, hələlik bu istiqamətdə biz ciddi addımların atıldığını görmürük”.

Politoloq qeyd edib ki, siyasi proseslərlə yanaşı, Ermənistan hərbi potensialının gücləndirilməsi istiqamətində də fəallığını davam etdirir:

“Paralel olaraq Ermənistan özünün hərbi potensialını artırır, ordunu modernləşdirir, onun döyüş qabiliyyətini artırmağa çalışır. Müxtəlif ölkələrdən hərbi vasitələr, texnika, silahlar almaqdadır. Bu da müəyyən suallar yaradır.

Şübhəsiz ki, Azərbaycan Ermənistanda baş verən bütün prosesləri diqqətlə izləyir və müşahidə eləyir. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bəyan eləyib ki, Azərbaycan Ermənistandakı prosesləri diqqətlə izləyir və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradacaq hansısa bir prosesin getdiyini görərsə, belə bir təhlükəni görərsə, həmin təhlükənin qarşısı preventiv tədbirlərlə alınacaq.

Yəni bu, kifayət qədər açıq mesajdır və Azərbaycan da 44 günlük savaşdan sonra əldə etdiyi qalibiyyətdən arxayınlaşmayıb, öz müdafiə qabiliyyətini davamlı şəkildə artırmaqdadır. Ordunun döyüş qabiliyyətinin artırılması, onun modernləşməsi, müasir və yüksək texnoloji silah-sursatın alınması da məhz bunun nəticəsidir.

Azərbaycan Ermənistanın siyasətini izləyir və həm də gözləyir. Çünki Ermənistan hakimiyyəti indi bəyan eləyir ki, onlar 2027-ci ildə həm Zəngəzur dəhlizinin açılması ilə bağlı real işlərə başlayacaqlar, eyni zamanda Konstitusiya dəyişiklikləri də gələn il həyata keçirilə bilər.

Şübhəsiz ki, biz bunları izləyirik və Ermənistandakı prosesləri də nəzərə alırıq. O cümlədən Ermənistan-Rusiya arasındakı gərginliyi də diqqətlə izləyirik. Bu baxımdan Azərbaycan prosesləri diqqətlə müşahidə etməklə bütün ssenarilərə hazırlığını da davam etdirir”.

//Gülnarə Abasova, Editor.az