Xəzər dənizinin səviyyəsinin azalması problemini araşdıracaq dövlətlərarası komissiyanın ilk iclası 2027-ci ilin ilk yarısında Azərbaycanda təşkil olunacaq.
Editor.az “Report”a istinadən xəbər verir ki, bu barədə beş Xəzəryanı ölkənin dövlət başçılarının iştirakı ilə keçirilən Xəzər Ekoloji Sammitində razılıq əldə edilib.
Qərara əsasən, Azərbaycan, Qazaxıstan və Türkmənistanın hökumət başçılarının müavinləri, eləcə də Rusiya və İranın yüksəkvəzifəli nümayəndələrinin iştirakı ilə komissiya yaradılacaq.
Növbəti iclasların isə Xəzəryanı dövlətlərdə ingilis əlifbasına uyğun ardıcıllıqla keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı birgə ekspert qruplarının yaradılması təşəbbüsünü Prezident İlham Əliyev 29 iyun 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin VI Zirvə Toplantısında irəli sürüb. Dövlət başçısı problemin səbəblərinin araşdırılmasının və ekoloji fəsadların qarşısının alınmasının vacibliyini vurğulayıb.

