Ukrayna səfiri: “Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyirik”backend

Ukrayna səfiri: “Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilmiş repressiv tədbirləri qətiyyətlə pisləyir”.

Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.

Onun sözlərinə görə, Rusiya hökumətinin Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirdiyi zorakı hücum təkcə bir hadisə deyil, sistematik zorakılığın, cəzasızlıqdan və insan həyatına hörmətsizlikdən doğan bir təzahürdür:

“İllərdir beynəlxalq hüququ pozan, Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan, vətəndaşlarını siyasi baxışlarına görə təqib edən Rusiya repressiv aparatını digər ölkələrin vətəndaşlarına qarşı da yönəldir”.

Diplomat bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının bu qanunsuz zorakılığına qarşı Azərbaycanın Xarici İşlər Nazirliyinin və ictimaiyyətinin sərt və prinsipial reaksiyası tam əsaslıdır:

“Belə reaksiya, xüsusilə də müasir Rusiyada milli azlıqların hüquqlarının sistematik şəkildə pozulduğu və hüquq-mühafizə orqanlarının özbaşınalığının adi hala çevrildiyi bir vaxtda yalnız məntiqli deyil, həm də vacibdir”.

Yuri Qusev əlavə edib ki, Ukrayna artıq uzun illərdir Rusiya təcavüzü ilə üzləşir və bu təcavüz müxtəlif xarakterli cinayət əməllərində özünü göstərir. O, Ukrayna və Azərbaycan xalqlarını bir-birinə dəstək göstərməyə çağırıb.

Səfir beynəlxalq ictimaiyyəti də Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş zorakılığa reaksiya verməyə çağırıb:

“Dünya bu cinayətə reaksiya verməlidir. Susqunluq yalnız cəzasızlığı təşviq edir. Yekaterinburqda, Kiyevdə və başqa yerlərdə bu cür faciələrin təkrar olunmaması üçün Moskvaya qarşı siyasi, diplomatik və sanksiya təzyiqi artırılmalıdır”.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə reyd keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları olduğu bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.

Qeyd edək ki, dünən Yekaterinburqda saxlanılan altı nəfərlə bağlı məhkəmə keçirilib. Onlardan üçü 22 günlük həbs cəzası alıb, qalan üç nəfər isə 3 gün müddətinə inzibati həbs edilib. Saxlanılanların heç biri özünü təqsirli bilməyib.