Vaşinqtonun yeni Ukrayna addımı: strategiyada dönüş varmı?backend

Vaşinqtonun yeni Ukrayna addımı: strategiyada dönüş varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə beynəlxalq siyasi gündəmin mərkəzində həm Yaxın Şərqdə baş verən gərginliklər, həm də Ukraynadakı müharibənin gedişi dayanır. Qlobal güclərin diqqətinin müxtəlif bölgələr arasında bölünməsi, xüsusilə ABŞ-ın xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərin hiss olunmasına səbəb olur. Bu fonda Vaşinqtonun Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirməsi məsələsi xüsusi aktuallıq qazanır. Eyni zamanda, yeni yardım paketləri və strateji qərarlar ABŞ-ın münaqişəyə yanaşmasının istiqaməti barədə müzakirələri daha da gücləndirir.

Siyasi analitik Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, hazırda dünyanın diqqət mərkəzində olan əsas mövzu İrandır:

“Bu, birmənalı şəkildə belədir. ABŞ və onun müttəfiqi İsrailin İran ərazisinə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət daha da mürəkkəbləşib. Hazırda hərbi əməliyyatların intensivliyi azalsa da, atəşkəs qüvvədə qalsa da, İran ətrafında vəziyyət hələ də təhlükəli olaraq qalır.
Digər tərəfdən, beynəlxalq gündəmdə mühüm yer tutan Ukrayna müharibəsi də yeni mərhələyə qədəm qoyur. ABŞ-da səslənən bəyanatlar göstərir ki, Vaşinqton son aylarda cəbhədə yaranmış vəziyyəti diqqətlə izləyir və müharibənin bu şəkildə davam etməsinin Ukrayna üçün ağır nəticələr doğura biləcəyini nəzərə alır. Buna baxmayaraq, ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyini azaltması gözlənilmir. Vaşinqton yaxşı anlayır ki, Rusiya-Ukrayna müharibəsinin Moskvanın xeyrinə başa çatması Rusiyanın diqqətini digər istiqamətlərə, o cümlədən İrana yönəldə bilər. Rusiyanın İranla bağlı mövqeyi də kifayət qədər aydındır. Moskva açıq şəkildə hərbi müdaxiləyə qoşulmasa da, İranın zəifləməsində maraqlı görünmür. Əksinə, Yaxın Şərqdə ABŞ-ın mövqelərinin sarsılması Rusiyanın geosiyasi maraqlarına uyğun gəlir.

Bütün bu proseslərin fonunda ABŞ-ın strateji kursunda ciddi dəyişiklik gözlənilmir. Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirməsi ehtimalı yüksək olaraq qalır və bu siyasət qlobal rəqabətin əsas istiqamətlərindən biri kimi öz aktuallığını qoruyacaq”.

//Gülnarə Abasova,  Editor.az