Huawei və Qualcomm arasında 5G və süni intellekt texnologiyalarını əhatə edən mühüm patent razılaşması imzalanıb.
Editor.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, Çinin texnologiya nəhəngi Huawei ilə ABŞ-ın çip istehsalçısı Qualcomm arasında patentlərin lisenziyalaşdırılması ilə bağlı razılaşma əldə olunub.
Razılaşmaya əsasən, iki şirkət 5G, hesablama, süni intellekt və şəbəkə sistemləri də daxil olmaqla müxtəlif texnologiyalar üzrə patentlərdən qarşılıqlı lisenziyalaşdırma yolu ilə istifadə edə biləcək.
Bundan əlavə, Qualcomm Huawei-yə məxsus ABŞ-da qeydiyyatdan keçmiş 5G, hesablama, süni intellekt və şəbəkə sistemləri ilə bağlı bəzi patentləri satın alacaq.
Huawei-nin Əqli Mülkiyyət üzrə rəhbəri Alan Fan bildirib ki, şirkətin uzun illər ərzində fundamental tədqiqat və inkişafa davamlı sərmayə yatırması mobil rabitə və digər texnologiyalarda innovasiyaların inkişafına mühüm töhfə verib.
Onun sözlərinə görə, Huawei-nin 4G və 5G standartlarına geniş töhfələri şirkətin mobil rabitə sənayesindəki mövqeyini daha da möhkəmləndirib. Fan razılaşmanın Huawei innovasiyalarının dəyərini nümayiş etdirməklə yanaşı, Qualcomm-un müasir rabitə texnologiyalarına verdiyi töhfələri də təsdiqlədiyini qeyd edib.
Qualcomm-un vitse-prezidenti və Texnologiyaların Lisenziyalaşdırılması üzrə baş meneceri Con Han isə razılaşmanın şirkətin 5G texnologiyaları sahəsindəki liderliyinin sənaye tərəfindən təsdiqləndiyini göstərdiyini bildirib. O, eyni zamanda Huawei-nin 5G və digər istiqamətlərdə innovasiya və əqli mülkiyyət sahəsində fəaliyyətinin Qualcomm tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Yeni razılaşma ilə Huawei-nin 2011-ci ildə Motorola ilə başladığı patent lisenziyalaşdırma müqavilələrinin ümumi maliyyə dəyəri 6,9 milyard dolları ötüb.
Şirkət indiyədək Nokia, Samsung və Amazon kimi qlobal texnologiya nəhəngləri, eləcə də Oppo, Vivo və Xiaomi kimi mobil telefon istehsalçıları da daxil olmaqla 260-dan çox şirkətlə patent lisenziyalaşdırma razılaşması imzalayıb.
Huawei-nin illik hesabatına əsasən, şirkət 2025-ci ildə tədqiqat və inkişafa 28,7 milyard dollar sərmayə qoyub. Bu məbləğ şirkətin illik gəlirinin 22 faizinə bərabər olub.
Hazırda Huawei dünya üzrə 165 min aktiv patentlə ən çox patentə sahib şirkət kimi göstərilir.
// Aydan Bünyatova, Editor.az

