ABŞ-ın İran ərazisinə endirdiyi yeni zərbələr fonunda ölkənin cənubunda yerləşən strateji Çabahar limanında güclü yanğın baş verdiyi bildirilir. Sosial şəbəkələrdə və regional informasiya kanallarında yayılan məlumatlara görə, hadisə liman ərazisində baş verib və alovun geniş sahəni əhatə etdiyi iddia olunur.
Eyni vaxtda ABŞ qüvvələrinin Çabahar şəhərində yerləşən enerji infrastrukturunu hədəf aldığı barədə xəbərlər yayılıb. İddialara görə, zərbələrdən sonra şəhərin bəzi məhəllələrində elektrik enerjisinin verilişi dayanıb.
Sosial mediada ABŞ tərəfindən vurulduğu iddia edilən Nadsa elektrik stansiyasına aid olduğu deyilən video və fotolar da paylaşılır.
Çabahar İran üçün xüsusi strateji əhəmiyyət daşıyır. Oman körfəzi vasitəsilə birbaşa Hind okeanına çıxışı olan yeganə İran limanı hesab edilən bu mərkəz ölkənin beynəlxalq ticarət və logistika sisteminin əsas qovşaqlarından biridir. Liman həmçinin Hindistanın dəstəyi ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələrinin mühüm hissəsidir və İranın Hörmüz boğazından kənarda yerləşən ən vacib dəniz qapısı sayılır.
Son hadisələr ABŞ ilə İran arasında gərginliyin yenidən kəskinləşdiyi günlərə təsadüf edir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bir neçə saat əvvəl İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlarına cavab olaraq 80-dən çox hədəfə zərbələr endirdiyini açıqlayıb. Rəsmi məlumata görə, əməliyyat zamanı hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə mərkəzləri, sahil radarları, gəmi əleyhinə raket kompleksləri və SEPAH-a məxsus onlarla sürətli kater məhv edilib.
Reuters-in məlumatına görə, ABŞ zərbələrindən sonra İranın cənubundakı bir sıra şəhərlərdə, o cümlədən Bəndər-Abbas, Qeşm adası və Sirikdə partlayışlar qeydə alınıb. Bu, hərbi əməliyyatların İranın cənub sahilləri boyunca genişləndirildiyini göstərir. (Investing.com)
Musavat.com

