ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Vaşinqtona kifayət qədər hörmət göstərmədiyini və müdafiə xərclərini artırmalı olduqlarını bəyan edib.
Editor.az bu barədə Bloomberg-ə istinadən xəbər verib.
Məlumata görə, Tramp bu fikirləri Ankarada NATO liderləri ilə keçirilən qapalı görüş zamanı səsləndirib. O bildirib ki, Avropa ölkələri ABŞ-ın təhlükəsizlik sahəsində üzərinə götürdüyü yükü daha çox qiymətləndirməli və müdafiə sahəsinə daha çox maliyyə ayırmalıdır.
ABŞ Prezidenti, həmçinin NATO-nun Vaşinqtonun Qrenlandiyada gələcək hərbi mövcudluğu ilə bağlı planlarına münasibətindən narazı qaldığını deyib. Tramp alyans üzvlərinin ABŞ-ın İranla qarşıdurması zamanı kifayət qədər dəstək vermədiyini də vurğulayıb.
O, NATO üzvü olan İspaniya ilə bütün ticarət əlaqələrini dayandıra biləcəyi barədə xəbərdarlıq edib. Trampın sözlərinə görə, İspaniyanın Baş naziri Pedro Sançes Avropada onun siyasətini ən sərt tənqid edən liderlərdən biridir.
ABŞ lideri çıxışı zamanı İranın fəaliyyətini də tənqid edib və Vaşinqtonla Tehran arasında qüvvədə olan atəşkəs rejiminin artıq başa çatdığını bildirib. O, İranla aparılan danışıqları isə “vaxt itkisi” adlandırıb.
Xatırladaq ki, Donald Tramp bir gün əvvəl NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Avropanın ABŞ-la münasibətlərə yanaşmasını nəzərə alaraq, Vaşinqtonun qitədə yerləşdirilmiş bütün hərbi qüvvələrini geri çəkməsinin mümkünlüyünü də istisna etməmişdi.
//Gülnarə Abasova, Editor.az

