Azərbaycan-Ermənistan normallaşma prosesinin növbəti mərhələsi İrəvanın üzərinə götürdüyü hüquqi və siyasi öhdəlikləri nə dərəcədə yerinə yetirəcəyindən asılı olaraq qiymətləndirilir. Rəsmi Bakının əsas şərtlərindən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan müddəaların aradan qaldırılmasıdır. Ekspertlərin fikrincə, bu məsələ həllini tapmadan yekun sülh sazişinin imzalanması real görünmür.
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb və növbəti mərhələdə yekun sülh müqaviləsinin imzalanması gündəmdədir:

“Bunun üçün Ermənistanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilməlidir. Referendumun keçirilməsi üçün isə hakim partiyanın parlamentdə konstitusiya çoxluğu yoxdur və bunun üçün 71 deputatın dəstəyi tələb olunur. Bununla belə, hesab edirəm ki, Ermənistan hakimiyyəti bu hüquqi məsələnin həlli üçün çıxış yolu tapmağa çalışacaq. Çünki həm Ermənistan hakimiyyəti, həm də Baş nazir Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsində maraqlıdır. Paşinyan dəfələrlə qüvvədə olan Konstitusiyanın Ermənistanın yeni geosiyasi reallıqlarına cavab vermədiyini bəyan edib. Düşünürəm ki, nəticə etibarilə Konstitusiyaya dəyişiklik ediləcək.
Azərbaycan da mövcud reallıqları düzgün qiymətləndirir. Hazırda tərəflər arasında müəyyən iqtisadi əlaqələr və siyasi dialoq davam edir. Rəsmi Bakı gözləmə mövqeyini qoruyur və Konstitusiya referendumu baş tutmadan yekun sülh müqaviləsinin imzalanmasına razılıq verməyəcək.
Eyni zamanda hesab edirəm ki, Azərbaycanın Ermənistana əlavə təzyiq mexanizmlərini işə salmasına ehtiyac yoxdur. Çünki müəyyən iqtisadi və ticarət əlaqələri artıq formalaşıb. Ermənistan hakimiyyəti hüquqi mexanizm taparaq referendumu keçirməyə çalışacaq. Hazırkı mərhələdə prosesin məntiqi inkişaf istiqaməti də məhz bundan ibarətdir”.
//Gülnarə Abasova, Editor.az

