ABŞ ilə İran arasında baş tutan qanlı hərbi toqquşmalardan sonra elan edilmiş müvəqqəti atəşkəs dövrü rəsmi Tehran tərəfindən hərbi potensialın sürətlə bərpa olunması üçün istifadə edilir. Pentaqon rəhbərliyinin İranın raket gücünün “tamamilə sıradan çıxarıldığına” dair bəyanatlarına rəğmən, kəşfiyyat məlumatları tamamilə fərqli və narahatlıq doğuran mənzərəni ortaya qoyub.
ABŞ-ın nüfuzlu “The Wall Street Journal” (WSJ) qəzeti kəşfiyyat mənbələrinə istinadən sensasiyalı məqalə dərc edib. Nəşrin məlumatına görə, atəşkəs rejiminin qüvvəyə minməsindən dərhal sonra İran tərəfi hərbi kampaniya zamanı Amerika və müttəfiqlərinin hava zərbələri nəticəsində dağıntılar altında qalan, zədələnən və ya basdırılan yüzlərlə raket və buraxılış qurğusunu yeraltı bunkerlərdən və möhkəmləndirilmiş komplekslərdən çıxarmağa, eləcə də onları operativ şəkildə təmir etməyə nail olub.
Mənbə qeyd edir ki, aparılan intensiv mühəndislik və bərpa işləri nəticəsində Tehran rejimi hazırda münaqişədən əvvəl sahib olduğu raket arsenalının və strateji buraxılış qurğularının 50 faizindən çoxuna yenidən birbaşa çıxış əldə edib. Bununla yanaşı, İran hərbçiləri hava hücumundan müdafiə sahəsində də taktiki dəyişikliklərə əl atıblar. Belə ki, müharibə zamanı məhv edilmiş böyük stasionar radar obyektlərinin əvəzinə, aşkarlanması və vurulması olduqca çətin olan daha kiçik, portativ (mobil) fəaliyyət göstərən yeni radiolokasiya stansiyaları quraşdırılıb. Qərb hərbi ekspertləri hesab edirlər ki, rəsmi Vaşinqtonun zərbələrin miqyasını və İranın qabiliyyətini düzgün qiymətləndirməməsi regionda müharibə riskini yenidən alovlandıra bilər.
Musavat.com

