“Qarabağ” futbol klubu yeni transferi Renaldo Sefasın keçidinə görə ciddi sanksiyalarla üz-üzə qala bilər.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin “Ankaragücü” klubu sabiq oyunçusunun bu addımı ilə əlaqədar rəsmi hüquqi prosedurlara start verib.
Əvvəllər Türkiyə komandasının formasını geyinən yamaykalı vingerin heç bir rəsmi icazə almadan “Qarabağ”la razılaşması transfer böhranı yaradıb. Klubun xəbəri olmadan reallaşan bu keçid peşəkar futbol qaydalarının və müqavilə şərtlərinin kobud şəkildə pozulması kimi dəyərləndirilir.
26 yaşlı hücumçu hələ ötən ilin yayında, qüvvədə olan müqaviləsinin bitməməsinə rəğmən, “Ankaragücü”nü özbaşına tərk edib. Bunun ardınca futbolçu arxada qalan mövsümü Rusiyanın “Pari NN” komandasının heyətində keçirib.
Məsələyə aydınlıq gətirən “Ankaragücü”nün sədr müavini və mətbuat katibi Cem Koçyiğitoğlu oyunçunun icazəsiz transferinə görə məhkəmə prosesinə başladıqlarını rəsmən bəyan edib. Bildirilir ki, Türkiyə təmsilçisi müqavilənin pozulması və təzminat hüquqlarının bərpası üçün artıq FIFA və Türkiyə Futbol Federasiyası rəhbərliyi qarşısında lazımi addımlar atıb.
Mövcud müqavilənin detalları göstərir ki, futbolçunun sabiq klubu qarşısında öhdəlikləri ola-ola başqa bir komanda ilə anlaşması idman hüququna əsasən “müqavilənin pozulması”dır. Yaranmış mürəkkəb vəziyyət təkcə idmançının özünü deyil, eyni zamanda onu heyətinə qatan klubu da ciddi sanksiyalarla üz-üzə qoya bilər. FIFA-nın müqavilə intizamına dair sərt mövqeyini nəzərə aldıqda, məhkəmə qərarı nəticəsində oyunçuya böyük məbləğdə cərimə kəsilməsi və ya onun futboldan müvəqqəti uzaqlaşdırılması ehtimalı yüksəkdir.
Xatırladaq ki, Renaldo Sefas qısa müddət öncə “Qarabağ” futbol klubu ilə 3 illik rəsmi müqaviləyə imza atıb.

