ABŞ-li tədqiqatçıların apardıqları yeni araşdırma göstərib ki, gündə cəmi dörd dəqiqə davam edən güc məşqləri 65 yaşdan yuxarı insanların fiziki hazırlığını və hərəkət qabiliyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilər.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri PLOS One elmi jurnalında dərc olunub.
Araşdırmada orta yaşı 74 olan 97 könüllü iştirak edib. İştirakçılar 12 həftə ərzində iki qrupa bölünüb. Bir qrup hər gün qısa məşq kompleksi yerinə yetirib, digər qrup isə adi həyat tərzini dəyişmədən davam etdirib.
Məşq proqramına divara və ya dayaq nöqtəsinə söykənərək təkanvermə hərəkətləri, stuldan qalxıb-oturma, elastik lentlə dartınma və platformaya qalxma məşqləri daxil edilib. Hər bir hərəkət 30 saniyə icra olunub və ardınca 30 saniyəlik istirahət verilib. Beləliklə, bütün məşq cəmi dörd dəqiqə davam edib.
Üç aylıq müşahidədən sonra məşqləri yerinə yetirən iştirakçılarda gündəlik fəaliyyətlə bağlı göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşdığı müəyyən olunub. Onlar 30 saniyə ərzində daha çox dəfə stuldan qalxıb-otura bilib, bir ayaq üzərində tarazlığı daha uzun müddət qoruyub saxlayıb və qalxıb yerimə testini daha sürətli icra ediblər.
Alimlərin fikrincə, bu nəticələr ayaq əzələlərinin güclənməsini, koordinasiyanın yaxşılaşmasını və insanların müstəqil şəkildə hərəkət etmək qabiliyyətinin qorunmasını göstərir.
Tədqiqat müəllifləri bildirirlər ki, məhz bu göstəricilər yaşlı insanlarda yıxılma riskinin, müstəqilliyin itirilməsinin və kənar qayğıya ehtiyacın yaranmasının əsas amilləri ilə sıx əlaqəlidir. Bundan əlavə, məşqlərin qısa müddətli olması iştirakçıların motivasiyasını yüksək səviyyədə saxlayıb və onlar 12 həftə ərzində proqramı demək olar ki, fasiləsiz yerinə yetiriblər.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr yaşlı yaşlarda sağlamlığın qorunması üçün mütləq uzunmüddətli məşqlərin zəruri olması barədə geniş yayılmış fikri təkzib edir. Onların qənaətinə görə, hər gün cəmi bir neçə dəqiqə davam edən müntəzəm güc məşqləri hərəkət qabiliyyətinin qorunmasına, yaşla bağlı fiziki məhdudiyyətlərin riskinin azalmasına və insanların daha uzun müddət müstəqil həyat sürməsinə kömək edə bilər.
//Gülnarə Abasova, Editor.az


