Air India aviaşirkətinə məxsus Frankfurt–Dehli reysi üzrə uçan təyyarə partlayış təhlükəsi ilə bağlı daxil olan məlumatdan sonra Hindistanın Caypur şəhərinə yönləndirilib. Sonradan təhlükə barədə məlumatın yalan olduğu müəyyən edilib.
Editor.az xəbər verir ki, Hindistanın NDTV telekanalının məlumatına görə, hadisə çərşənbə günü səhər saatlarında Boeing 787-9 tipli, AI 2030 nömrəli reyslə hərəkət edən təyyarədə baş verib.
Mənbələrin bildirdiyinə görə, təyyarə Mumbay uçuş məlumatı zonasına daxil olarkən pilot beynəlxalq təsnifata əsasən qanunsuz müdaxilə, o cümlədən təyyarənin qaçırılması ilə bağlı hallarda istifadə olunan 7500 kodunu aktivləşdirib. Bundan sonra dispetçer xidmətləri təyyarənin marşrutunu dəyişərək təyinat nöqtəsindən təxminən 280 kilometr məsafədə yerləşən Caypur şəhərinə yönləndirilməsi barədə qərar qəbul edib.
Mümkün təhlükəyə qarşı əlavə tədbirlərin görülməsi məqsədilə Yeni Dehlidə Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təyyarə yerli vaxtla təxminən saat 09:45-də Caypur Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Daha sonra təhlükəsizlik yoxlamalarının aparılması üçün təyyarə təcrid olunmuş anqara çəkilib.
Sərnişinlərin təyyarəni tərk etməsinə yalnız təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra icazə verilib. Daha sonra sərnişinlər və ekipaj üzvləri hava limanının terminalındakı gözləmə zonasına aparılıblar.
Rəsmi şəxslərin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Air India aviaşirkəti isə səfərin ləğv edildiyi hallarda sərnişinlərə biletləri ödənişsiz şəkildə yenidən bron etmək və ya ödənilmiş məbləği tam geri almaq imkanı təqdim etdiyini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az

