Dənizin dibindən 4 700 illik tarix çıxdı: Alimləri təəccübləndirən tapıntıbackend

Dənizin dibindən 4 700 illik tarix çıxdı: Alimləri təəccübləndirən tapıntı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya vilayətində, Kekova adası yaxınlığında aparılan sualtı arxeoloji qazıntılar zamanı təxminən 4 700 il əvvələ aid amforalar aşkarlanıb. Tapıntıların dünyanın ən qədim gəmi batıqlarından biri ilə əlaqəli olduğu bildirilir.

Editor.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu barədə NSosyal sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazir bildirib ki, Kekova ərazisində aparılan tədqiqatlar Anadolu sahillərinin qədim dövrlərdə dəniz ticarətində oynadığı rolu öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.

4 700 illik amforalar hansı məqsədlə istifadə olunub?

Qazıntılar zamanı üzə çıxarılan gil qabların zeytun yağı və ya şərab daşınması üçün istifadə edildiyi ehtimal olunur. Mütəxəssislərin fikrincə, bu nümunələr Şərqi Aralıq dənizində ticarət əlaqələrinin və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı təsirlərin araşdırılmasına kömək edə bilər.

Gil nümunələri üzərində aparılan təhlillər amforaların böyük ehtimalla İordaniya vadisindəki emalatxanalarda hazırlandığını göstərir.

Oxşar qabların Misir, Troya və Kritdə də aşkarlanması qədim dövrlərdə müxtəlif bölgələri birləşdirən dəniz ticarəti şəbəkələrinin mövcudluğunu araşdırmaq üçün yeni imkanlar yaradır.

Üzərində 9 işarə olan amfora diqqət çəkib

Tapıntılar arasında üzərində doqquz müxtəlif işarə və gövdəsində iki dəlik olan bir amfora da xüsusi maraq doğurub.

Tədqiqatçılar bu qabın yalnız məhsulların daşınması üçün deyil, pendir və ya kərə yağı hazırlamaq məqsədilə istifadə edilmiş ola biləcəyini də istisna etmirlər. Bu ehtimal qədim dənizçilərin uzun səfərlər zamanı öz ərzaqlarını hazırlamaq üsulları barədə yeni suallar yaradır.

Türkiyədə sualtı arxeoloji tədqiqatlar davam edir

Mehmet Nuri Ersoy Anadolu ərazisinin dənizçilik tarixinin yeni arxeoloji tapıntılar vasitəsilə öyrənilməsinin davam etdirildiyini vurğulayıb. O, sualtında qorunub saxlanılan mədəni irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

Nazir qazıntıların elmi rəhbəri, dosent Hakan Önizi və tədqiqatlarda iştirak edən bütün əməkdaşları görülən işlərə görə təbrik edib.

Kekova yaxınlığında aşkarlanan amforalar qədim dövrlərdə dəniz yolu ilə həyata keçirilən ticarət, ərzaq daşınması və müxtəlif xalqlar arasındakı əlaqələr barədə əlavə məlumat əldə edilməsinə töhfə verə bilər.

\\ Aydan Bünyatova, Editor.az