Media və Yayım Şurası İran və Türkiyədən, xüsusilə “Telegram” və “TikTok” platformaları vasitəsilə Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarının aparılması ilə bağlı narahatlığını ifadə edib. Qurum bu cür fəaliyyətləri informasiya təhlükəsizliyi və dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət prinsiplərinə zidd hesab edərək pisləyib.
Editor.az-ın məlumatına görə, bu barədə Şuranın yaydığı açıqlamada bildirilib.
Qurumun bəyanatında vurğulanıb ki, son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəallar, siyasətçilər və hətta rəsmi şəxslər tərəfindən Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyalarında iştirak halları müşahidə olunur.
Şuranın qənaətinə görə, siyasi və ideoloji məqsədlər daşıyan, ictimai rəyi yönləndirməyə və ölkənin daxili işlərinə müdaxiləyə hesablanan bu fəaliyyətlər informasiya məkanından sui-istifadə nümunələridir.
Açıqlamada eyni orfoqrafik səhvlərlə və oxşar üslubda hazırlanan kütləvi paylaşımlara, təkrarlanan şərhlərə, eləcə də Azərbaycana aid olmayan foto və videoların montaj edilərək yayılmasına diqqət çəkilib. Qurum bunları koordinasiyalı trol kampaniyalarının mümkün göstəriciləri kimi qiymətləndirib.
400-dən çox paylaşım məsələsi diqqətə çatdırılıb
Media və Yayım Şurasının məlumatında qeyd olunub ki, xarici dildə fəaliyyət göstərən hesabların Azərbaycan dilində yaradılmış eyni həştəq altında qısa müddətdə 400-dən çox paylaşım etməsi şübhə doğuran məqamlardan biridir.
Bildirilib ki, bəzi paylaşımlarda yalnız həştəq yer alıb, ayrı-ayrı hesablar isə eyni məzmunu dəfələrlə yayımlayıb. Şuranın fikrincə, bu hallar ictimai rəyin manipulyasiyası məqsədi daşıyan koordinasiyalı fəaliyyət ehtimalını gücləndirir.
Açıqlamada anonim hesablar vasitəsilə yayılan neqativ məzmunun və reaksiyaların vətəndaşları ictimai qaydanı pozmağa təşviq edə biləcəyi də vurğulanıb. Qurum belə hərəkətlərin qanunvericiliyin tələblərinə zidd olduğu hallarda hüquqi məsuliyyət yarada biləcəyini xatırladıb.
Şura bəzi xarici media və sosial media platformalarında Azərbaycan haqqında əsassız və qərəzli materialların yayıldığını, dövlətin və xalqın ünvanına təhdid və təhqirlərə yol verildiyini bildirib.
Açıqlamada bu hallarla bağlı müvafiq ölkələrin hakimiyyət orqanlarının tədbir görməməsinin Azərbaycan ictimaiyyətində narahatlıq yaratdığı qeyd olunub.
Vətəndaşlara çağırış edildi
Media və Yayım Şurası vətəndaşları, media qurumlarını və sosial şəbəkə istifadəçilərini informasiya məkanında yayılan məlumatlara tənqidi yanaşmağa çağırıb.
Qurum həqiqətə uyğun olmayan xəbərlərin və təsdiqlənməmiş iddiaların yayılmasında iştirak etməməyin, eləcə də manipulyativ kampaniyalara qarşı məsuliyyətli mövqe sərgiləməyin vacibliyini vurğulayıb.
Şuranın bəyanatında ölkənin nüfuzuna zərər vurmağa yönəlmiş cəhdlərə qarşı ayıq-sayıq olmağın və informasiya təhlükəsizliyinin qorunmasına diqqət yetirməyin əhəmiyyəti önə çəkilib.

