Mikayıl Cabbarov Qarabağda biznes imkanlarından danışdı: Yeni layihələr gözlənilirbackend

Mikayıl Cabbarov Qarabağda biznes imkanlarından danışdı: Yeni layihələr gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə yanaşı, regionun investisiya potensialının tanıdılması istiqamətində də mühüm addımlar atılır. Bu baxımdan “Rebuild Karabakh” sərgisi biznes nümayəndələri və investorlar üçün əhəmiyyətli platforma rolunu oynayır.

Editor.az-ın “Report”a istinadən məlumatına görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu fikirləri “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan VI Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə səsləndirib.

Nazir bildirib ki, sərgi işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinin təqdim olunması, eləcə də bölgədə formalaşan yeni iqtisadi və investisiya imkanlarının nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.

Mikayıl Cabbarovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məntəqələrinin salınması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, nəqliyyat infrastrukturunun inkişafı, yaşıl enerji və sosial layihələrin həyata keçirilməsi davam edir.

“Ardıcıl və sistemli bərpa-quruculuq işləri sayəsində regionda dayanıqlı məskunlaşma və iqtisadi inkişaf üçün geniş imkanlar formalaşıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın təşviqi üçün tətbiq olunan vergi və gömrük azadolmaları, güzəştli kreditlər, kreditlərə zəmanət və subsidiya alətləri, hazır infrastrukturla təmin edilmiş sənaye parkları və digər imtiyazlar bölgədə əlverişli biznes mühiti yaradıb. İstehsal imkanlarının genişlənməsi bölgəni ölkənin qeyri-neft-qaz sektorunun yeni inkişaf mərkəzlərindən birinə çevirir. Dövlət başçısının imzaladığı fərmanlarla bu sahədə əlavə dəstək mexanizmləri yaradılıb, malların xarici bazarlara, o cümlədən yeni və alternativ istiqamətlərə daşınması xərclərinin əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına qarşılanması, ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiya olunması və digər mexanizmlər işğaldan azad edilmiş ərazilərdəki ixracatçıların da daxili və xarici bazarlarda mövqelərinin möhkəmlənməsinə töhfə verəcək”, – deyə nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, o cümlədən burada yerləşən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin sayının artması regionda sənaye potensialının sürətlə reallaşdığını göstərir.

“Bu layihələr yalnız daxili tələbatın qarşılanmasına deyil, eyni zamanda rəqabətqabiliyyətli məhsulların ixracına, yeni dəyər zəncirlərinin formalaşmasına imkan verir. Bu regionun zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, enerji potensialı, nəqliyyat-logistika imkanları və turizm perspektivləri investorlar üçün geniş imkanlar təqdim edir. Bölgə zəngin geoloji ehtiyatlara malikdir və bir sıra yataqlarda artıq istismar prosesi başlayıb. Kənd təsərrüfatı, xüsusilə bağçılıq və heyvandarlıq sahələrində intensiv layihələr həyata keçirilir. Nəqliyyat-logistika sahəsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əlavə əhəmiyyət qazanacaq. Bölgənin qədim tarixi, füsunkar təbiəti, zəngin mədəni abidələri və müalicəvi mineral su ehtiyatları isə turizm istiqamətində əlavə investisiya imkanları yaradır”, – deyə o əlavə edib.

Nazir biznes nümayəndələrini bu imkanları dəyərləndirməyə, yeni layihələr həyata keçirməyə dəvət edib: “Əminik ki, “Rebuild Karabakh” sərgisi regionun iqtisadi potensialının biznes ictimaiyyətinə təqdim olunmasına, yeni investisiya təşəbbüslərinin və tərəfdaşlıqların yaranmasına, eləcə də regionun inkişafının sürətlənməsinə töhfə verəcək. Sərginin təşkilində əməyi olan bütün tərəfdaşlara təşəkkür edir, iştirakçılara və ziyarətçilərə uğurlar, səmərəli görüşlər və yeni əməkdaşlıq imkanları arzulayırıq”.