Bakıda böyük sammit: Hansı ölkələrin liderləri Azərbaycana gəlir?backend

Bakıda böyük sammit: Hansı ölkələrin liderləri Azərbaycana gəlir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 15-də Bakıda Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti təşkil olunacaq. Beynəlxalq tədbirdə üzv və müşahidəçi dövlətlərin, eləcə də təşkilatın tərəfdaş qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Editor.az-ın Axar.az-a istinadən verdiyi məlumata görə, sammit Asiya ölkələri arasında əməkdaşlıq və etimadın möhkəmləndirilməsi baxımından mühüm platforma olacaq.

AQEM-ə hansı ölkələr daxildir?

Təşkilatın 28 üzvü var. Onların sırasında Azərbaycan, Əfqanıstan, Bəhreyn, Banqladeş, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Qətər, Cənubi Koreya, Rusiya, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam yer alır.

Belarus, İndoneziya, Yaponiya, Laos, Malayziya, Filippin, Səudiyyə Ərəbistanı, Türkmənistan, Ukrayna və ABŞ isə müşahidəçi dövlət statusuna malikdir.

BMT, Beynəlxalq Miqrasiya Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Ərəb Dövlətləri Liqası və Türkdilli Dövlətlərin Parlament Assambleyası da müşahidəçi təşkilatlar sırasındadır.

Sammitdə hansı ölkələrin nümayəndələri iştirak edəcək?

Tədbirə qatılmaq üçün bir sıra yüksək vəzifəli şəxslərin Bakıya gəldiyi bildirilib.

Məlumata əsasən, Laos Prezidenti Thonqlun Sisulit, Kambocanın Baş naziri Hun Manet və Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh artıq paytaxtdadır.

Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin əl-Mərarın, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin, Qırğızıstan Prezidenti Sadır Japarovun, Fələstinin xarici işlər naziri Varsen Aqabekyan Şahinin, Çin xarici işlər naziri Van Yinin və Pakistanın Baş naziri Şahbaz Şərifin də sammitdə iştirak etmək üçün Bakıya səfər edəcəkləri rəsmən açıqlanıb.

Beləliklə, oktyabrın 15-də keçiriləcək AQEM sammiti Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlərdən biri olacaq. Görüşdə müxtəlif ölkələrin nümayəndələrinin iştirakı regional əməkdaşlıq və qarşılıqlı etimad məsələlərinin müzakirəsi üçün imkan yaradacaq.