“Qarabağ kimi türklüyün qanayan yarasını 44 günlük Vətən müharibəsi ilə azadlığına qovuşduran, hilalı xaça qalib gətirən, işğal altındakı bölgələrdə yenidən Məhəmməd peyğəmbərin azanını səsləndirən Azərbaycanın Prezidenti cənab İlham Əliyev cəsur və qüdrətli liderdir”.
Editor.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü İsmail Özdemir sosial şəbəkə hesabında paylaşımında bildirib.
O, Azərbaycan-Türkiyə münasibətlərinə də toxunaraq qeyd edib:
“Son zamanlarda Azərbaycanda yaşanan hadisələrin Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi ilə təsdiqlənən dostluq və qardaşlıqdan da üstün olan bağlarımızı zəiflətməsi mümkün deyil”.
İsmail Özdemir Azərbaycanın Türk dünyasındakı mövqeyinin daha da güclənəcəyini vurğulayıb:
“Azərbaycan suveren dövlət olaraq Türk dünyası üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində müəyyənləşdirdiyi istiqamətdə qüdrətli gücə çevrilərək XXI əsrin ən nüfuzlu ölkələrindən biri kimi tanınacaq”.
MHP sədrinin müavini paylaşımını bu sözlərlə yekunlaşdırıb:
“Aypara ilə ulduz ayrılmaz, Xəzərlə Aralıq dənizinin bağı sarsılmaz”.


