Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR…backend

Bakıda “moyka” qiymətləri kəskin artdı: SƏBƏBLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtoyuma və quru təmizləmə xidmətlərinin qiymətində kəskin artım baş verib. Əvvəllər 10 manata yuyulan maşınlar indi 15, 15-ə yuyulanlar isə 20 manata qalxıb. Bəs buna səbəb nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Sabah”a şərhində bildirib ki, bu bahalaşmanı yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada bir neçə xərc amili eyni vaxtda rol oynaya bilər.

A. Nəsirlinin sözlərinə görə, ilk növbədə, obyektlərin icarə haqqı, işçilərin əməkhaqqı, su və elektrik xərcləri, avadanlıqların saxlanılması, eləcə də idxal olunan yuyucu və kimyəvi vasitələrin qiyməti xidmətin maya dəyərinə təsir göstərir:

“Xüsusilə böyük şəhərlərdə, o cümlədən Bakıda obyektlərin yerləşdiyi ərazi icarə xərclərini ciddi şəkildə fərqləndirə bilər. Əgər sahibkarın xərcləri artırsa, o, bunu qiymətlərə daxil etməyə çalışır. Bununla belə, qiymətlərin kəskin artımını əsaslandırmaq üçün hər bir xərcin nə qədər yüksəldiyini və qiymət artımının hansı hissəsinin real xərclərlə bağlı olduğunu ayrıca araşdırmaq lazımdır.

Dövlət Statistika Komitəsinin məlumatlarında 2026-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin illik müqayisədə 5,5 faiz artdığı bildirilir. Lakin bu ümumi göstərici avtoyuma və quru təmizləmə xidmətlərindəki konkret artımın miqyasını ayrıca göstərmir.

Əvvəllər adi məişət ehtiyacı sayılan xidmətlərin bahalaşması istehlakçı davranışına da təsir göstərəcək. İnsanların gəlirləri xidmət qiymətləri ilə eyni sürətlə artmırsa, onlar avtomobillərini daha az yuduzdura, quru təmizləmə xidmətindən yalnız zərurət yarandıqda istifadə edə və daha ucuz alternativlər axtara bilərlər.

Bu vəziyyət xidmətlərə tələbatın müəyyən hissəsinin azalmasına səbəb ola bilər. Eyni zamanda, özünəxidmət modeli daha cəlbedici hala gələ bilər. Avtomobil sahibinin ödəniş etməklə yuma avadanlığından özü istifadə etdiyi məntəqələr ənənəvi avtoyuma ilə müqayisədə daha aşağı qiymət təklif edə bilər.

Ancaq bu modelin geniş yayılması üçün ilkin investisiyaların, su və elektrik xərclərinin, avadanlığın texniki xidmətinin və obyektin yerləşdiyi ərazinin iqtisadi cəhətdən əlverişli olması vacibdir. Quru təmizləmə sahəsində isə özünəxidmət imkanları daha məhduddur, çünki burada xüsusi avadanlıq, kimyəvi vasitələr və peşəkar emal tələb olunur”.

Ekspert qeyd edib ki, qiymətlərin gələcəkdə sabitləşməsi əsasən rəqabətin səviyyəsindən və xərclərin dinamikasından asılı olacaq:

“Bazarda kifayət qədər xidmət göstərən müəssisə varsa, istehlakçılar daha ucuz obyektlərə üz tuta bilər və bu, sahibkarları qiymət siyasətinə yenidən baxmağa sövq edər. Əksinə, müəyyən ərazilərdə rəqabət zəifdirsə, qiymətlərin yüksək səviyyədə qalması mümkündür. İcarə, əməkhaqqı, kommunal xidmətlər və idxal olunan vasitələrin xərcləri artmaqda davam edərsə, qiymətlərə əlavə təzyiq yarana bilər.

Lakin bütün xidmət müəssisələrinin qiymətləri eyni səviyyədə artıracağını söyləmək olmaz.

Məncə, burada əsas məsələ xidmətlərin bahalaşmasının real iqtisadi xərclərlə nə dərəcədə əsaslandırılmasıdır. Sahibkarların xərcləri artdığı halda qiymətlərin yüksəlməsi iqtisadi baxımdan başadüşüləndir, amma xərclərdə mütənasib artım olmadan qiymətlərin kəskin qaldırılması istehlakçıların narazılığını artırır və bazarın daralmasına səbəb ola bilər. Uzunmüddətli perspektivdə daha səmərəli avadanlıqlardan istifadə, su və elektrik sərfiyyatının azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və rəqabətin gücləndirilməsi qiymət təzyiqini azaltmağın daha dayanıqlı yollarıdır”.