ABŞ-də fəaliyyət göstərən Cedars-Sinai Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, müntəzəm qəhvə istehlakı qaraciyər sirrozu, qaraciyər xərçəngi və bu orqanın xəstəlikləri nəticəsində ölüm riskinin azalması ilə əlaqəlidir.
Editor.az xəbər verir ki, bu barədə Clinical Gastroenterology and Hepatology” jurnalında dərc olunan araşdırmada Böyük Britaniyanın UK Biobank layihəsinin 354 957 iştirakçısının məlumatları təhlil edilib. Tədqiqatın başlanğıcında iştirakçıların heç birində qaraciyər sirrozu və ya qaraciyər xərçəngi aşkarlanmamışdı. Alimlər onların sağlamlıq vəziyyətini orta hesabla 13 il ərzində izləyiblər.
Nəticələr göstərib ki, gündə beş və ya daha çox fincan qəhvə içən şəxslərdə qaraciyər sirrozu riski 32 faiz, qaraciyər xərçəngi riski 47 faiz, qaraciyər xəstəliklərindən ölüm ehtimalı isə 42 faiz daha aşağı olub.
Mütəxəssislər bildirirlər ki, müsbət təsir artıq gündə 1–2 fincan qəhvə qəbul edənlərdə də müşahidə olunub. Lakin ən nəzərəçarpan fayda gündə 3–4 fincan qəhvə içən şəxslərdə qeydə alınıb. Bununla belə, tədqiqat müəllifləri bu nəticələrin gündə beş fincandan artıq qəhvə içilməsi üçün tövsiyə kimi qəbul edilməməli olduğunu vurğulayırlar.
Araşdırma çərçivəsində qaraciyərin MRT görüntüləri və qan analizləri də öyrənilib. Məlum olub ki, qəhvə sevən şəxslərin qaraciyərində piy, dəmir yığılması, fibroz və iltihab əlamətləri daha az müşahidə edilir. Eyni zamanda, qaraciyərin sağlam fəaliyyətini dəstəkləyən zülalların səviyyəsi daha yüksək, iltihab və toxuma çapıqlaşması ilə əlaqəli göstəricilər isə daha aşağı olub.
Tədqiqat həm adi, həm də kofeinsiz qəhvə içənlər arasında oxşar nəticələr göstərib. Bu isə qoruyucu təsirin yalnız kofeinlə deyil, qəhvənin tərkibindəki digər bioloji aktiv maddələrlə də əlaqəli ola biləcəyini göstərir.
Alimlər qeyd edirlər ki, araşdırma müşahidə xarakteri daşıdığından qəhvənin birbaşa qaraciyər xəstəliklərinin qarşısını aldığını sübut etmir. Onların fikrincə, sağlam çəkinin qorunması, alkoqol qəbulunun məhdudlaşdırılması, müntəzəm fiziki aktivlik, qan şəkəri, xolesterin və arterial təzyiqə nəzarət qaraciyər sağlamlığının əsas qoruyucu amilləri olaraq qalır.
//Gülnarə Abasova, Editor.az

