Misirdən Ukraynaya hərəkət edən və Liberiya bayrağı altında üzən LPG Gas Lisbon yük gəmisi Rumıniya sahilləri yaxınlığında hücuma məruz qalıb.
Hadisə nəticəsində üç ekipaj üzvü yaralanıb.
Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, insident ölkənin ərazi sularından kənarda baş verib. Onun sözlərinə görə, Rumıniya xilasedici xidmətləri yaralı dənizçiləri təxliyə edib, gəminin təhlükəsiz şəkildə limana çatdırılması üçün isə yedək gəmisi cəlb olunub.
Rumıniya Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyərək, Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Nazirlik beynəlxalq hüquqa hörmət edilməsinə çağırış edib.
Hadisənin dəqiq səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hücum bölgədə davam edən Rusiya–Ukrayna müharibəsi fonunda baş verib.
//Samir Qurbanov, Editor.az

