Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlı ilə dialoqu zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Hikmət Hacıyev söhbət zamanı Tural Sadıqlının verilişləri ilə bağlı bunları deyib:
“Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Mən Azərbaycan mediasına baxıram. Azərbaycanda peşəkar media da var. Ancaq sizə bir şey deyim, həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir. Bunu bədbəxtlik sayıram. Mənim haqqımda nə deyirsinizsə, bundan sonra 5 qat artıq deyin, amma mən sizin mövcud durumunuza acıyıram”.
Musavat.com bildirir ki, Tural Sadıqlı 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə Qarabağ bölgəsində keçirilmiş antiterror tədbirləri zamanı səsləndirdiyi bir sıra açıqlamalarla Azərbaycanda geniş müzakirələrə səbəb olmuşdu. Onun həmin dövrdə Azərbaycanın hərbi əməliyyatlarını tənqid edən və Ermənistanın mövqeyi ilə üst-üstə düşdüyü iddia edilən çıxışları ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanmışdı.
Həmin açıqlamaların videogörüntüləri hazırda da internet resurslarında mövcuddur.
Qeyd edək ki, Tural Sadıqlı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrorçuluğa açıq çağırışlar və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, prokurorluğun rəsmi çağırışlarına gəlmədiyi üçün cinayət işi üzrə materiallar qiyabi icraatda baxılması məqsədilə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Sadıqlı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilinib və barəsində 14 il müddətinə qiyabi azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Musavat.com Hikmət Hacıyevlə Tural Sadıqlının cəmi 90 saniyə çəkən polemikasının görüntülərini təqdim edir.

