Netflix 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının İspaniya və Andorrada yayım hüquqlarını əldə edib. Bu, platformanın İspaniyada kişilər arasında keçirilən böyük beynəlxalq futbol turnirini ilk dəfə yayımlaması olacaq.
Editor.az xəbər verir ki, bu barədə Netflix məlumat yayıb.
Razılaşmanın maliyyə detalları açıqlanmayıb. Müqaviləyə əsasən, İspaniyada hər oyun günündə bir qarşılaşmanı ödənişsiz izləmək mümkün olacaq. Bundan başqa, Netflix bütün İspaniya millisinin oyunlarını, hər iki yarımfinalı və final matçını əhatə edən qarşılaşmaları yayımlayacaq pulsuz kanal da təqdim edəcək. Kanalın adı hələlik açıqlanmayıb.
İspaniyanın dövlət televiziyası TVE 2026-cı il dünya çempionatında milli komandanın oyunlarını yayımlamışdı. Qurum Netflix-in əldə etdiyi yayım hüquqları ilə bağlı yeni təklifdə iştirak edib-etməyəcəyi barədə şərh verməyib.
Xatırladaq ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşin ev sahibliyi ilə keçiriləcək. Turnirin 100 illiyi münasibətilə ilk oyunlar isə Argentina, Paraqvay və Uruqvayda təşkil olunacaq. İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda keçirilib.
Netflix-in bu addımı şirkətin idman yayımları bazarında mövqeyini gücləndirmək strategiyasının davamıdır. Platforma artıq NFL, MLB, WWE, boks və MMA yarışlarını da yayımlayır. Bundan əlavə, Netflix 2027-ci ildə Braziliyada, 2031-ci ildə isə Kosta-Rika, Yamayka, Meksika və ABŞ-da keçiriləcək qadınlar arasında dünya çempionatlarının ABŞ və Kanadadakı yayım hüquqlarına sahibdir.
\\ Aydan Bünyatova, Editor.az

