2026-cı ilin ilk doqquz ayında Azərbaycanda informasiya və rabitə sektorunda 3 milyard 257,1 milyon manatlıq xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artım deməkdir.
Editor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə göstərilən xidmətlərin 987,1 milyon manatı mobil telefon rabitəsinin, 524,3 milyon manatı internet xidmətlərinin payına düşüb. Proqram təminatının hazırlanması və bu sahədə məsləhət xidmətlərinin həcmi 558,8 milyon manat təşkil edib.
Bununla yanaşı, Azərbaycanda 384,7 milyon manatlıq informasiya xidməti göstərilib. Digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 802,2 milyon manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ən böyük artım proqram təminatının hazırlanması və məsləhət xidmətləri sahəsində qeydə alınıb. Bu istiqamətdə xidmətlərin həcmi real ifadədə 32,2 faiz yüksəlib.
İnternet xidmətlərində 21,5 faiz, informasiya xidmətlərində 8,6 faiz, digər informasiya və rabitə xidmətlərində 4,3 faiz artım müşahidə olunub. Mobil telefon rabitəsi xidmətlərinin həcmi isə 3,3 faiz çoxalıb.


