Qara dənizdə dron hücumu: Azərbaycan vətəndaşları ilə bağlı son məlumatbackend

Qara dənizdə dron hücumu: Azərbaycan vətəndaşları ilə bağlı son məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dənizdə dron hücumuna məruz qalan yük gəmisindəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib, digər yeddi nəfərin isə səhhətinin qənaətbəxş olduğu bildirilir.

Editor.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 13-də gecə saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dənizdə hərəkət edən “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz qalıb.

Gəmidə ümumilikdə 15 nəfərlik heyət olub. Onların səkkizi Azərbaycan vətəndaşıdır və hücumdan sonra hamısı xilas edilib.

XİN rəsmisi bildirib ki, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli Varna şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Onun səhhəti həkimlərin nəzarətindədir. Digər yeddi Azərbaycan vətəndaşı tibbi müayinədən keçirilib və onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar ölkənin diplomatik nümayəndəlikləri və aidiyyəti dövlətlərin səlahiyyətli qurumları ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarına tibbi və konsulluq yardımının göstərilməsi, həmçinin onların təhlükəsiz şəkildə ölkəyə qaytarılması üçün zəruri tədbirlər görülür.

XİN rəsmisi vətəndaşlara müraciət edərək hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfər etməməyə çağırıb. O, xüsusilə Qara və Azov dənizlərində, eləcə də təhlükəli marşrutlarda fəaliyyət göstərən nəqliyyat vasitələrində çalışan şəxslərin təhlükəsizlik qaydalarına ciddi əməl etməsinin vacibliyini vurğulayıb.