Abşeronun kanalizasiya infrastrukturu dəyişir: 32 kilometrlik kollektor inşa ediləcək – FOTObackend

Abşeronun kanalizasiya infrastrukturu dəyişir: 32 kilometrlik kollektor inşa ediləcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının və Abşeron yarımadasının kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni layihəyə başlanılır. Oktyabrın 14-dən etibarən Novxanı–Pirşağı istiqamətində diametri 1000 və 1400 millimetr olan kanalizasiya kollektorlarının tikintisi həyata keçiriləcək.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.

Tikinti işləri 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının inşası layihəsinin tərkib hissəsidir.

Layihəyə əsasən, ümumi uzunluğu 32 kilometr olan kollektor və yeni nasos stansiyası inşa ediləcək. Nəticədə Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Sovxoz və Kürdəxanı da daxil olmaqla ərazidə tullantı sularının idarə olunması yaxşılaşdırılacaq.

Yeni infrastrukturun yaradılması qəsəbələrdə yağış sularının toplanması hallarının azaldılmasına, Kürdəxanı və Zabrat göllərinin, eləcə də sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək.

Bakıda və Abşeronda digər kanalizasiya layihələri də icra olunur

Hazırda Bakı şəhəri və Abşeron rayonunda mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin olmadığı ərazilərdə yeni infrastrukturun qurulması istiqamətində də işlər aparılır.

Bu çərçivədə Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan kanalizasiya kollektoru, Lökbatan və Müşfiqabad hövzələri üzrə kollektorlar və tullantı sularını təmizləyən qurğular, Sahil kollektoru, Böyükşor hövzəsinin kanalizasiya infrastrukturu, eləcə də Zığ–Hövsan kanalizasiya kollektoru üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir.

Layihələrin həyata keçirilməsi tullantı sularının müasir standartlara uyğun idarə edilməsinə, ətraf mühitin qorunmasına və güclü yağışlar zamanı yarana biləcək fəsadların azaldılmasına xidmət edəcək.