İran ABŞ-ı Tehrana qarşı yenidən hərbi ssenariyə üstünlük verməyin mümkün nəticələri barədə xəbərdar edib.
Editor.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi RİA Novosti-yə açıqlamasında bildirib ki, Vaşinqtonun hərbi müdaxilə yolunu yenidən seçməsi region hüdudlarından kənara çıxan nəticələr doğura bilər.
Diplomat vurğulayıb ki, ABŞ regiondakı mövcud reallıqlara uyğunlaşmalı və diplomatiyaya əsaslanan həll yolları axtarmalıdır.
«Vəziyyət tamamilə aydındır: məhz ABŞ regionun reallıqlarına uyğunlaşmalı və diplomatiyaya əsaslanan həll yolları axtarmalıdır. Hazırda hansı yolu seçəcəklərinə qərar vermək onların üzərinə düşür», — deyə Qəribabadi bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında Vaşinqtonla Tehran arasında aparılan danışıqlar qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə nəticələnib. Sənəd tərəflərə razılaşma əldə etmək üçün 60 günlük müddət nəzərdə tuturdu. Lakin həmin müddət avqust ayında yeni razılaşma əldə edilmədən və uzadılmadan başa çatıb.
//Gülnarə Abasova, Editor.az

