Azərbaycanda daşınmaz əmlakın kirayəsindən əldə olunan gəlirlə mənzilin dəyərini qarşılamaq üçün tələb olunan müddət uzanıb. 2026-cı ilin birinci yarısının nəticələrinə əsasən, bu göstərici 23 ilə yüksəlib.
Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”nda məlumat verilib.
Hesabata əsasən, 2026-cı ilin iyunun sonuna ölkə üzrə təklif edilən mənzillərin median aylıq kirayə qiyməti 917 manat təşkil edib. Bu məbləğ əsasında hesablanan kapitalizasiya müddəti ötən ilin sonu ilə müqayisədə 2,1 il artaraq 23 ilə çatıb.
Mərkəzi Bank bu dəyişiklikləri mənzil qiymətlərinin bahalaşması, kirayə haqlarının isə həmin artımla müqayisədə nisbətən zəif dəyişməsi ilə əlaqələndirib.
Sənəddə qeyd olunur ki, 2026-cı ilin ilk altı ayında Azərbaycanda mənzil qiymətləri illik müqayisədə 8,4 faiz yüksəlib. İlkin mənzil bazarında artım 12,7 faiz, təkrar mənzil bazarında isə 8,3 faiz olub.
Beləliklə, mənzillərin satış qiymətlərinin kirayə gəlirlərindən daha sürətlə artması daşınmaz əmlak investisiyalarının gəlirliliyinə təsir göstərib. Nəticədə, əmlakın kirayəyə verilməsi yolu ilə onun ilkin dəyərinin geri qaytarılması üçün daha uzun müddət tələb olunur.

