ABŞ-ın İran ərazisinə endirdiyi son zərbələr nəticəsində 14 nəfər ölüb, 78 nəfər yaralanıb. Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Hüseyn Kərmanpur məlumat verib. Onun sözlərinə görə, iyulun 8-9-da atəşkəs razılaşmasının qüvvədə olduğu vaxtda ABŞ İranın beş vilayətinə zərbələr endirib. Hücumlar nəticəsində 14 nəfər həyatını itirib, 78 nəfər yaralanıb. Hazırda 47 yaralı xəstəxanada müalicə alır.
Xatırladaq ki, ABŞ hücumları İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı hərəkətlərinə cavab kimi izah edib. İran isə cavab olaraq ABŞ-ın Bəhreyn və Küveytdəki hərbi bazalarını hədəfə aldığını açıqlayıb və Vaşinqtonu atəşkəs memorandumunu pozmaqda ittiham edib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında atəşkəsin başa çatdığını bəyan edib. Tehran isə danışıqları dayandırdığını açıqlayıb. İyulun 9-na keçən gecə tərəflər yenidən qarşılıqlı zərbələr endirib, SEPAH isə hücumlar davam edərsə, əməliyyatların coğrafiyasını genişləndirəcəyi barədə xəbərdarlıq edib.
Bəs ABŞ və İran arasında atəşkəsin qısa müddətdə pozulmasının əsas səbəbi nə oldu? ABŞ-ın İranın beş vilayətinə endirdiyi zərbələr hansı strateji məqsədlərə xidmət edir? SEPAH-ın zərbələrin coğrafiyasını genişləndirəcəyi ilə bağlı xəbərdarlığı nə qədər real təhlükədir?
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, ABŞ ilə İran arasında imzalanan niyyət protokolu (memorandum)nun işləməyəcəyi əvvəlcədən bəlli idi:
“Çünki sənəddə yer alan 14 bəndin əhəmiyyətli hissəsi bir-biri ilə ziddiyyət təşkil edirdi. Nə İran həmin öhdəlikləri yerinə yetirməyə hazır idi, nə də ABŞ.
İran nə nüvə proqramından, nə də Hörmüz boğazı üzərindəki nəzarətindən imtina etmək istəyirdi. ABŞ isə İranın iddia etdiyi kimi, müharibənin nəticələrinə görə kompensasiya ödəməyəcəkdi. Buna baxmayaraq, bütün bu məsələlər razılaşmada öz əksini tapmışdı”.
Elxan Şahinoğlunun fikrincə, əsas fikir ayrılığı Hörmüz boğazı ətrafında cəmləşib:
“İran əvvəlcə boğazdan keçən gəmilərdən rüsum tələb edirdi, daha sonra isə rüsum məsələsindən geri çəkilsə də, tankerlərin əvvəlcədən məlumat verməsini istəyirdi. Lakin hazırda İran və xüsusilə SEPAH həmin tankerlərə zərbələr endirir. Oman sahillərinə yaxın dəniz sularından keçmək istəyən tankerlər də hədəfə alınır. Halbuki Hörmüz boğazı həm İranın, həm də Omanın sahillərinə yaxın ərazidə yerləşir. Tankerlərin əksəriyyəti təhlükəsizlik səbəbindən İran sahillərinə yaxın marşrutdan istifadə etmək istəmir və Oman sularına üstünlük verir. İranın həmin gəmiləri hədəfə alması isə artıq beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.
Məhz buna görə ABŞ İrana zərbələr endirdi, İran isə cavab olaraq Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə aldı. Bu isə onu göstərir ki, atəşkəs son dərəcə kövrək olaraq qalacaq”.
Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, bu toqquşmaların genişmiqyaslı müharibəyə çevrilməsi hələlik gözlənilmir:
“Bununla belə, atəşkəsin işlək mexanizmə çevriləcəyi inandırıcı görünmür. Üstəlik, Donald Tramp da artıq bu razılaşmanın qüvvəsini itirdiyini açıqlayıb. Əslində isə bu, tam hüquqlu sazişdən daha çox niyyət protokolu xarakteri daşıyırdı.
Belə görünür ki, lokal hərbi toqquşmalar davam edəcək və bu da Yaxın Şərqdə gərginliyin uzun müddət qalacağı anlamına gəlir”.
Politoloq sonda qeyd edib ki, hətta Livanın da yenidən münaqişəyə cəlb olunması istisna deyil:
“Əgər İranın təlimatı ilə Hizbullah İsrailə raket zərbələri endirərsə, İsrailin Livanda hərbi əməliyyatları genişləndirməsi ehtimalı yüksələcək. Halbuki Livan məsələsi də ABŞ ilə İran arasında imzalanmış niyyət protokolunda nəzərdə tutulan mövzulardan biri idi”.
Musavat.com

