ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini sərt tənqid edərək, onları etibarsız tərəf adlandırıb və ölkəyə qarşı yeni zərbələr endirilməsi barədə göstəriş verdiyini açıqlayıb. O, İranla aparılan danışıqların nəticə verəcəyinə inanmadığını bildirsə də, Tehran istədiyi halda ABŞ nümayəndə heyətinin təmasları davam etdirməyə hazır olduğunu vurğulayıb. Trampın bu açıqlamaları Vaşinqton və Tehran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir və bölgədə vəziyyətin gələcək inkişafı ilə bağlı müxtəlif müzakirələrə səbəb olub.
Maraqlıdır, ABŞ və İran arasında danışıqların davam etdirilməsi gərginliyi azalda bilər, yoxsa tərəflər arasında qarşıdurma daha da dərinləşəcək?
Politoloq Sədrəddin Soltan Editor.az-a açıqlamasında bildirib ki, İranla ABŞ arasında münasibətlər normallaşmasa da, güc tətbiqi çıxış yolu deyil:
“Düzdür, ABŞ-ın bu güc tətbiqi İranın iqtisadiyyatını, hərbi sahəsini və digər sahələrini zəiflədib, İslam Respublikası isə lidersiz qalıb. Çünki İslam Respublikası avtoritar rejimdir və avtoritet vasitəsilə idarə olunurdu. Hazırda İranda avtoritet yoxdur. Ali rəhbər sayılan Müctəba Xameneinin isə varlığı-yoxluğu bilinmir. Məhəmməd Baqir Qalibaf lideri əvəzləyəcək gücdə, qüdrətdə və nüfuzda deyil. Prezident Məsud Pezeşkiyan isə davamlı olaraq hakimiyyət daxilində sıxışdırılır.
Ölkədə dövlətin aparıcı qolu SEPAH-dır. SEPAH isə daha çox üstünlüyü müharibə variantına verir. Çünki onun regiondan qovulması və ölkə daxilində zərərsizləşdirilməsi məsələsi var. Eyni zamanda, dünyanın bir sıra ölkələri tərəfindən bu hərbi birləşmə terror təşkilatı kimi tanınır. Odur ki, İranın ABŞ ilə danışıqlar aparmaqdan başqa çıxış yolu yoxdur. Eləcə də ABŞ İranın bu ehtiyacını təmin etmək üçün şərtlər və tələblər irəli sürmüşdür. Əgər İran danışıqlar tərəfdarıdırsa, o zaman ABŞ-ın irəli sürdüyü təklif və şərtləri qəbul etməyə məcburdur. Başqa çıxış yolu görünmür. Perspektivdə danışıqların yenidən bərpa olunacağı da istisna edilmir.
Bu qarşıdurma və atəşkəsin pozulması isə müvəqqəti haldır. SEPAH özünün və İslam Respublikasının gücünün sınmadığını, varlığını nümayiş etdirir. Hörmüz boğazında vahid güc olduğunu isbat etməyə çalışır. Regionun hegemon dövləti olduğunu nümayiş etdirməyə çalışır. ABŞ isə qarşı tərəfin bu hegemonluq iddialarının qarşısını almaq üçün regionun aparıcı qüvvəsi olaraq həm tərəfdaşlarının təhlükəsizliyini təmin etmək baxımından, həm də Tehran hakimiyyətinə öz şərtlərini qəbul etdirmək yönündə milli maraqlarını təmin etməyə çalışır”.
Onun sözlərinə görə,İslam Respublikasının belə ərköyün və dəlisov davranmasının səbəblərindən biri də arxasında Rusiya və Çinin dəstəyini hiss etməsidir:
“Çünki Ukrayna cəbhəsində Rusiyanın işləri uğurlu alınmır, ölkə daxilində böhran yaranıb. Bu böhrandan çıxmaq üçün isə ilk növbədə ABŞ-a İran vasitəsilə cavab verilməsi daha məqbul sayılır. Moskva və Çin ABŞ-ın İran bataqlığında uzun müddət qalması, regionda nüfuzdan düşməsi və ABŞ-ın regional müttəfiqləri olan ərəb ölkələrinin ondan uzaqlaşması üçün savaşın və qarşıdurmanın mümkün qədər uzanmasına çalışırlar. Çünki ABŞ regionda ərəb ölkələrinin, xüsusən Körfəz ölkələrinin maraqlarını müdafiə edə bilməzsə və İran davamlı surətdə bu ölkələrin ərazilərinə raket atəşləri açarsa, həmin ölkələr ABŞ-a alternativ axtarışına çıxa bilərlər. Bu rol isə Çinə uyğundur. Ona görə də Çin ABŞ ilə İran arasında qarşıdurmanın mümkün qədər uzanmasına və ABŞ-ın region ölkələri, xüsusən ərəb ölkələri arasında nüfuzdan düşməsinə çalışır. Hazırda münaqişə uzanır və zaman-zaman atəşkəsin pozulması kimi hallar baş verir”.
//Gülnarə Abasova, Editor.az

