ABŞ-ın İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlardan sonra Vaşinqtonda qarşıdurmanın yaxın günlərdə başa çatmayacağı qiymətləndirilir. ABŞ rəsmilərinin sözlərinə görə, İranın xüsusilə Hörmüz boğazındakı fəaliyyətindən asılı olaraq hərbi əməliyyatlar bir neçə gün, hətta həftələrlə davam edə bilər.
Musavat.com xəbər verir ki, məlumata görə, ABŞ ordusu İranın Bəndər-Abbas, Bəndər-Sirik, Bəndər-Lərək, Buşehr, Kunarek və Sirik şəhərlərində yerləşən hərbi hədəflərə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı əməliyyat zamanı 90 hərbi obyektin məhv edildiyini, əsas hədəfin isə İranın dəniz qüvvələrinin infrastrukturu olduğunu açıqlayıb.
İran Səhiyyə Nazirliyi son iki gündə ölkənin beş vilayətinə edilən hücumlar nəticəsində 14 nəfərin öldüyünü, 78 nəfərin isə yaralandığını bildirib. Məlumata görə, Çabahar limanı ən çox zərər görən ərazilərdən biri olub. Hücumlar zamanı limanın idarəetmə qülləsi, həmçinin bəzi körpülər və elektrik infrastrukturu da zədələnib. Bəndər-Abbas şəhərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
İran cavab olaraq Küveyt və Bəhreyn istiqamətində raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Yerli KİV-in məlumatına görə, Bəhreyndə yerləşən ABŞ hərbi bazası da raket zərbəsinə məruz qalıb.
ABŞ-ın Axios nəşrinə danışan yüksəkvəzifəli rəsmisi bildirib ki, qarşıdakı əməliyyatların miqyası İranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı atacağı addımlardan asılı olacaq. Onun sözlərinə görə, qarşıdurma bir-iki gün, bir həftə və ya bir ay davam edə bilər. Həmçinin qeyd olunub ki, İranın addımlarından asılı olaraq elektrik stansiyaları və neft emalı zavodları kimi strateji obyektlərə qarşı daha genişmiqyaslı hücumlar da istisna edilmir.
ABŞ Prezidenti Donald Tramp İranın danışıqlara hazır olduğunu iddia etsə də, Tehran bu bəyanatı təkzib edib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın təhdidlərinə cavab olaraq bildirib ki, “əgər hücum etsəniz, cavab alacaqsınız” və Hörmüz boğazının yalnız İranın qərarları ilə açıq qala biləcəyini vurğulayıb.

