Rusiya prezidenti Vladimir Putin ölkədə davam edən yanacaq təchizatı problemləri fonunda dizel yanacağının ixracına qadağa qoyub.
qərarın daxili bazarda yanacaq təminatını artırmaq məqsədi daşıdığı bildirilib.
Rusiya hökumətinin videokonfrans formatında keçirilən iclasında çıxış edən Baş nazirin müavini Aleksandr Novak benzin və dizel yanacağının tədarükündə yaranan problemlərə görə ölkənin iyul ayında yanacaq idxalına başlayacağını açıqlayıb.
Novakın sözlərinə görə, dizel ixracına tətbiq edilən qadağa iyulun 31-dək qüvvədə olacaq və əvvəlki qərardan fərqli olaraq, yanacaq istehsalçıları da daxil olmaqla bütün bazar iştirakçılarını əhatə edəcək.
O bildirib ki, son vaxtlar yanacaqdoldurma məntəqələrində yaranan vəziyyət ictimai narahatlığa səbəb olub. Hökumət hesab edir ki, ixracın dayandırılması daxili bazarda yanacaq təklifini artıracaq və çatışmazlığın aradan qaldırılmasına kömək edəcək.
Məlumata görə, qərar hökumətlərarası müqavilələr çərçivəsində həyata keçirilən yanacaq tədarüklərinə şamil edilməyəcək.
Qeyd edək ki, bu qərar son aylarda Ukraynanın Rusiyanın neft emalı zavodları və yanacaq anbarlarına həyata keçirdiyi dron hücumlarından sonra qəbul edilib. Hücumlar nəticəsində bir sıra enerji obyektlərinin fəaliyyətində fasilələr yaranıb ki, bu da ölkədə yanacaq təchizatına mənfi təsir göstərib.
Musavat.com

