Həkim sızanaqdan sonra yaranan ləkə və çapıqların müalicə üsullarını açıqlayıbbackend

Həkim sızanaqdan sonra yaranan ləkə və çapıqların müalicə üsullarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sızanaqlardan sonra dəridə yaranan ləkə və çapıqların aradan qaldırılması fərqli müalicə yanaşmaları tələb edir. Çünki ləkələr əsasən dərinin rəngindəki dəyişikliklərlə, çapıqlar isə dəri toxumasının strukturunun zədələnməsi ilə əlaqədardır.

Editor.az xəbər verir ki, bu barədə dermatokosmetoloq, həkim və alim, Dr. Vaisov Laser Aesthetic Dermatology klinikalar şəbəkəsinin təsisçisi İskəndər Vaisov açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, sızanaqdan sonra yaranan qırmızı və çəhrayı izlər əsasən kiçik qan damarlarındakı dəyişikliklər və iltihab reaksiyasının qalıqları ilə əlaqədardır. Qəhvəyi ləkələr isə dəridə melaninin həddindən artıq toplanması nəticəsində meydana gəlir. Bəzi hallarda ləkələr və çapıqlar eyni vaxtda müşahidə oluna bilər.

Həkim qeyd edib ki, bu dəyişikliklərin yaranma mexanizmləri fərqli olduğundan onların müalicəsində də müxtəlif üsullardan istifadə edilir. Ləkələrin aradan qaldırılması zamanı dərinin rəngindəki dəyişikliklərin azaldılması əsas məqsəd olduğu halda, çapıqların müalicəsində dəri səthinin relyefinin və toxuma strukturunun yaxşılaşdırılmasına diqqət yetirilir.

Vaisovun sözlərinə görə, dərinin bərpa müddəti iltihabın dərinliyindən və şiddətindən, fərdi xüsusiyyətlərdən, eləcə də gündəlik qulluq qaydalarından asılıdır. Qırmızı izlər iltihab reaksiyası zəiflədikcə tədricən solduğu halda, piqment ləkələri aylarla qala bilər. Günəş şüalarına məruz qalmaq isə bu ləkələrin daha uzun müddət dəridə qalmasına səbəb ola bilər.

Mütəxəssis bildirib ki, sızanaqları sıxmaq, sərt skrablardan istifadə etmək və dəriyə həddindən artıq intensiv qulluq göstərmək iltihabı gücləndirərək yeni izlərin yaranması riskini artıra bilər. Buna görə də dərinin bərpası dövründə düzgün qulluq qaydalarına əməl etmək vacibdir.

Həkim vurğulayıb ki, müalicə üsulu seçilərkən ləkə və ya çapığın növü, yaranma müddəti, rəngi, dərinliyi və dərinin ümumi vəziyyəti nəzərə alınmalıdır. Aktiv sızanaqların mövcudluğu, dəri fototipi, piqmentasiyaya və keloid çapıqların yaranmasına meyillilik də müalicə planının müəyyənləşdirilməsində mühüm rol oynayır. Pasiyentin qəbul etdiyi dərmanlar və əvvəlki kosmetoloji prosedurlara reaksiyası da qiymətləndirilməlidir.

Vaisovun sözlərinə görə, sızanaqdan sonra yaranan ləkələrin müalicəsində yerli təsirli vasitələr, kimyəvi pilinqlər və müəyyən lazer prosedurları tətbiq oluna bilər. Çapıqların müalicəsində isə mikroneedlinq, fraksional lazer və subcision kimi üsullardan istifadə edilir. Subcision proseduru zamanı çapığın altında yerləşən və dərini içəriyə doğru çəkən fibroz toxuma birləşmələri ayrılır. Zərurət yarandıqda inyeksiya və ya cərrahi müdaxilə üsullarına da müraciət edilə bilər.

Mütəxəssis qeyd edib ki, sızanaqdan sonra yaranan bütün ləkə və çapıqları aradan qaldırmağa imkan verən universal müalicə üsulu mövcud deyil. Effektiv nəticə əldə etmək üçün dəri dəyişikliklərinin səbəbi düzgün müəyyənləşdirilməli və müalicə fərdi xüsusiyyətlər nəzərə alınmaqla planlaşdırılmalıdır.

//Gülnarə Abasova, Editor.az