İstanbul su altında qaldı: Ölənlər var, məktəblərdə dərslər dayandırıldı – VİDEObackend

İstanbul su altında qaldı: Ölənlər var, məktəblərdə dərslər dayandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində yağan güclü leysan ciddi problemlərə yol açıb. Şəhərin bir sıra ərazilərində küçə və prospektləri su basıb, evlərə və iş yerlərinə ziyan dəyib. Bəzi sakinlər təhlükəsiz ərazilərə təxliyə olunub, xilasedicilər isə fəsadların aradan qaldırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində İstanbulda iki nəfər həyatını itirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına əsasən, ən çox yağıntı Beykoz, Eyüpsultan və Sarıyer rayonlarında qeydə alınıb. Güclü leysan bir sıra yolların, yeraltı keçidlərin və tunellərin su altında qalmasına səbəb olub. Bəzi avtomobillər su basmış yollarda hərəkətsiz qalıb, sürücülər və sərnişinlər çətin vəziyyətlə üzləşiblər. Şəhərin ictimai nəqliyyat sistemində də sıxlıq yaranıb.

İstanbul Valiliyinin açıqlamasına görə, yağışın yaratdığı problemlərlə bağlı AFAD-a və “112” Təcili Çağrı Mərkəzinə ümumilikdə 2518 müraciət daxil olub. Müraciətlərin 1277-si su basqınları, 15-i torpaq sürüşmələri, 47-si isə köməyə ehtiyacı olan vətəndaşlarla bağlı olub.

Yaranmış vəziyyətin aradan qaldırılması üçün əraziyə 8 min əməkdaş, 2 min nəqliyyat vasitəsi və müxtəlif texnikalar cəlb edilib.

Sarıyer rayonunun Ayazağa məhəlləsində su basmış iş yerlərində qalan insanlar xilasetmə əməliyyatları nəticəsində təhlükəsiz ərazilərə çıxarılıblar. Onlardan bəziləri yük maşınları və digər texnikanın, digərləri isə xilasedici qayıqların köməyi ilə təxliyə ediliblər.

İstanbulda məktəblərdə dərslər dayandırıldı

İstanbul Valiliyinin qərarı ilə əlverişsiz hava şəraiti və nəqliyyatda yarana biləcək çətinliklər nəzərə alınaraq şəhərdəki dövlət və özəl təhsil müəssisələrində əyani dərslərə bir günlük fasilə verilib.

Anadolu Agentliyinin məlumatına görə, aidiyyəti qurumlar leysan nəticəsində yaranan fəsadların aradan qaldırılması, təhlükəli ərazilərdə insanların xilas edilməsi və şəhərdə normal həyatın bərpası istiqamətində işləri davam etdirirlər.