Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının (COP17) 17-ci sessiyasında Azərbaycanın iştirak edib-etməyəcəyi ilə bağlı hələlik rəsmi məlumatın olmadığını bildirib.
Editor.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Ermənistan hökumətinin başçısı Türkiyənin tədbirdə nazirlər səviyyəsində təmsil olunacağının məlum olduğunu qeyd edib. Azərbaycanın COP17-də iştirakına gəlincə isə, bu barədə hələ rəsmi təsdiqin olmadığını vurğulayıb.
Paşinyanın sözlərinə görə, oktyabrda keçiriləcək COP17 çərçivəsində Ermənistana 15 mindən çox xarici qonağın gəlməsi gözlənilir. O, bu səfərlərin ölkənin beynəlxalq miqyasda tanınmasına töhfə verəcəyini bildirib.

