Alimlər insanların üz cizgilərinə əsasən qarşı tərəf haqqında necə təəssürat formalaşdırdığını araşdırıblar. Tədqiqatın nəticələrinə görə, gözün ağ hissəsinin — skleranın — daha geniş görünməsi insanın daha etibarlı, ünsiyyətcil, cəlbedici və yüksək sosial statusa malik biri kimi qəbul edilməsinə səbəb ola bilər.
Editor.az xəbər verir ki, bu barədə Matias Buaye-Brosso, Simon Riqulo və Sebastyen Etunun iştirakı ilə aparılıb və nəticələr PLOS One elmi jurnalında dərc olunub.
Tədqiqatçılar qeyd edirlər ki, insan üzü sosial informasiya mənbəyidir. İnsanlar qarşı tərəfin üzünə baxarkən onun xarakteri və şəxsiyyəti haqqında çox vaxt şüursuz şəkildə ilkin fikir formalaşdırırlar. Bu prosesdə gözlər xüsusi əhəmiyyət daşıyır.
Alimlər araşdırma çərçivəsində ABŞ-da yaşayan 162 yetkin şəxsin iştirakı ilə onlayn eksperiment keçiriblər. İştirakçılara neytral ifadəli 100 üz fotosu göstərilib. Hər bir üz üçün göz nahiyəsinin iki rəqəmsal variantı hazırlanıb: birində gözün ağ hissəsi daha az, digərində isə daha çox görünəcək şəkildə dəyişdirilib.
İştirakçılardan hər bir şəxsi 10 ballıq şkala üzrə dörd meyar əsasında qiymətləndirmək istənilib: həmin insana nə dərəcədə güvəndikləri, onunla ünsiyyət qurmaq istəyib-istəmədikləri, fiziki cəlbediciliyi və sosial statusu.
Nəticələr göstərib ki, gözün ağ hissəsi daha çox görünən üzlər bütün bu göstəricilər üzrə daha yüksək qiymətləndirilib. Bu tendensiya həm kişi, həm də qadın üzlərində müşahidə olunub və qiymətləndirən şəxsin cinsindən asılı olmayıb.
Tədqiqat müəllifləri nəticəni iki mümkün amillə izah edirlər. Birinci ehtimala görə, skleranın daha aydın görünməsi insanın baxış istiqamətini izləməyi asanlaşdırır. Bu isə sosial ünsiyyət zamanı vacib rol oynaya bilər.
Digər ehtimala görə isə gözün ağ hissəsinin görünən sahəsi yaş artdıqca təbii şəkildə azalır. Buna görə də daha geniş görünən sklera şüuraltı olaraq gənclik və sağlamlıq əlaməti kimi qəbul edilə bilər.
Beləliklə, alimlərin fikrincə, insanın üzünə baxarkən formalaşdırdığımız ilkin təəssüratda yalnız mimika və üz cizgiləri deyil, gözün ağ hissəsinin nə qədər görünməsi də müəyyən rol oynaya bilər.
//Gülnarə Abasova, Editor.az

