Ukrayna müharibəsinin sona çatdırılması üçün ABŞ və Rusiya arasında aparılan diplomatik təmaslar yeni və kifayət qədər diqqətçəkən istiqamət alıb. Sülh danışıqları kimi təqdim olunan prosesin gündəliyinə bu dəfə milyardlarla dollar dəyərində enerji sövdələşməsinin də daxil olduğu barədə məlumat yayılıb. Söhbət Rusiyanın “Lukoil” şirkətinin dünyanın müxtəlif ölkələrindəki neft yataqları, emal zavodları və yanacaqdoldurma məntəqələrindən ibarət beynəlxalq aktivlərinin mümkün satışından gedir.
Maraqlıdır ki, bu məsələ sentyabrın 5-də Kremlin sahibi Vladimir Putinlə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən görüşdə gündəmə gətirilib. Bildirilənlərə görə, Moskva belə bir sövdələşməni ABŞ-Rusiya arasında gələcəkdə iri biznes əlaqələrinin bərpasının simvolu kimi görür. Eyni zamanda, potensial alıcı qrupunda ABŞ və Yaxın Şərqdən olan biznes dairələrinin yer aldığı bildirilir. Lakin ortada hələlik imzalanmış yekun müqavilə yoxdur və sövdələşmənin reallaşması üçün ciddi siyasi və hüquqi maneələrin aradan qaldırılması tələb olunur.
Bu mənzərə Ukrayna savaşının yalnız cəbhə xəttində deyil, enerji bazarlarında və böyük dövlətlərin iqtisadi maraqları müstəvisində də davam edən mürəkkəb proses olduğunu göstərir. Üstəlik, sentyabrın sonunda Putin nümayəndəsi Kirill Dmitriyevin Vaşinqtonda ABŞ rəsmiləri ilə müharibədən sonrakı mümkün enerji əməkdaşlığını müzakirə etməsi də bu istiqamətin təsadüfi olmadığını göstərən faktlardan biridir.
Vaşinqton və Moskva arasında Ukrayna müharibəsinin taleyi ilə yanaşı, savaşdan sonrakı enerji xəritəsi də masada müzakirə olunurmu? Bu mümkün neft sövdələşməsi sülh danışıqlarının iqtisadi dayağına çevrilə bilərmi?

Politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik təmaslarda enerji məsələlərinin getdikcə daha çox önə çıxması danışıqların təkcə hərbi və siyasi müstəvidə aparılmadığını, həm də iqtisadi ölçü qazandığını göstərir: “Elə Rusiya Prezidentinin nümayəndəsi Kirill Dmitriyevin Vaşinqtonda ABŞ rəsmiləri ilə müharibənin dayandırılması və müharibədən sonrakı mümkün enerji əməkdaşlığını müzakirə etməsi də bu tendensiyanın təsadüfi olmadığını göstərən mühüm faktordur. Onu da qeyd edək ki, adı çəkilən görüşdə ABŞ Maliyyə və Energetika nazirliklərinin nümayəndələri də iştirak edib. Bu kontekstdə “Lukoil”in beynəlxalq aktivlərinin mümkün satışı xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, şirkət 2025-ci ildə elan olunan sanksiyalardan sonra xarici aktivlərini satmaq niyyətini açıqlayıb və 2026-cı ilin yanvarında ABŞ-ın “Carlyle” investisiya şirkəti ilə satış barədə razılaşma imzaladığını bildirib. Lakin həmin razılaşmanın həyata keçməsi üçün ABŞ Xəzinədarlığının müvafiq icazəsi tələb olunur. Hazırkı qaydalara əsasən, danışıqlar və şərti müqavilələr mümkündür, lakin aktivlərin faktiki ötürülməsi ayrıca təsdiq olmadan həyata keçirilə bilməz. Burada iki paralel proses görünür. Birincisi odur ki, Vaşinqton Rusiyanın enerji sektoruna təzyiqi saxlayaraq Moskvanı danışıqlara təşviq etmək istəyir. ABŞ-ın “Lukoil” aktivlərinin satışına qoyduğu şərtlər Rusiyaya birbaşa maliyyə üstünlüyü verilməməsini və aktivlərin “Lukoil” ilə əlaqələrinin kəsilməsini nəzərdə tutur. Deməli, mümkün satış sadəcə kommersiya əməliyyatı deyil, eyni zamanda sanksiya siyasətinin bir hissəsidir. İkincisi isə, müharibədən sonrakı enerji bazarının yenidən qurulması üçün iqtisadi kanalların yaradılmasıdır. “Lukoil”in xarici aktivlərinin ABŞ və Yaxın Şərq kapitalının iştirakı ilə yeni sahiblərə keçməsi baş verərsə, bu, Rusiya kapitalının qlobal enerji aktivlərindən müəyyən dərəcədə çıxarılması və həmin aktivlərin Qərb və Yaxın Şərq investorları arasında yenidən bölüşdürülməsi demək ola bilər. Eyni zamanda, Avropadakı neft emalı güclərinin fəaliyyətə qaytarılması regional yanacaq bazarına da təsir göstərə bilər. Lakin belə bir sövdələşməni sülh danışıqlarının iqtisadi dayağı adlandırmaq hələ çox tezdir. Çünki əsas siyasi məsələlər, yəni atəşkəsin şərtləri, ərazi məsələləri, təhlükəsizlik təminatları və sanksiyaların gələcəyi kimi məsələlər həll edilmədən iri enerji razılaşmalarının uzunmüddətli hüquqi bazası qeyri-müəyyən olaraq qalır. Bundan başqa, ABŞ daxilində belə aktivlərin satışına milli təhlükəsizlik, sanksiyalar və enerji siyasəti baxımından yanaşmaların uzlaşdırılması da tələb olunur. “Carlyle” ilə bağlı prosesin aylarla ləngiməsi də bunun praktik çətinliyini göstərir”.

Politoloq hesab edir ki, bununla belə, enerji mövzusunun danışıqlara daxil olması mühüm bir siqnaldır: “Əgər Vaşinqton və Moskva arasında əvvəlcə enerji infrastrukturu, daha sonra isə daha geniş enerji əməkdaşlığı üzrə mexanizmlər formalaşarsa, bu, müharibədən sonrakı iqtisadi münasibətlərin bərpası üçün ilkin platformaya çevrilə bilər. Lakin bunun mümkün olması birbaşa sülh razılaşmasından, sanksiyaların taleyindən və ABŞ-Rusiya münasibətlərində siyasi etimadın səviyyəsindən asılı olacaq”.
Musavat.com

