İsveçrədə hələ də “Dağlıq Qarabağ üzrə təşəbbüs” qrupu adlı komissiya hələ də özünün varlığını nədənsə qorumağa çalışır. Komissiyanın həmsədrlərindən biri Erix Fontobel fevral ayında şəxsən İrəvana səfər edib və orada ləğv olunmamış separatçılar tör-töküntüləri ilə görüşüb. Həftənin əvvəlində İsveçrə parlamentində keçirilən “Hökumət sual saatı” zamanı Fontobel “Qarabağ üçün sülh forumu” haqda danışıb.
İsveçrənin vitse-prezidenti və Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis cavabında bildirib ki, həm Azərbaycan, həm də Ermənistan əvvəldən bu cür formatları məqsədəuyğun hesab etməyib. Onun sözlərinə görə, bu mövqe tərəflərlə aparılan ikitərəfli məsləhətləşmələrdə də təsdiqlənib. Kassis həmçinin vurğulayıb ki, İsveçrə beynəlxalq hüquq çərçivəsində yalnız suveren dövlətlərlə rəsmi münasibətlər qurur və Bakı–İrəvan sülh prosesini dəstəkləyir.

Bu, Fontobeli dayandırmayıb. O, bəyan edib ki, Qarabağ erməniləri “sülh prosesinə” daxil edilməlidir. İsveçrə tərəfi isə bir daha qeyd edib ki, siyasi dialoq yalnız suveren dövlətlər arasında aparılmalıdır və paralel siyasi formatlar digər ölkələrin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər.
Daha əvvəl də oxşar təşəbbüslər İsveçrə parlamentində səsverməyə çıxarılıb və böyük səs çoxluğu ilə rədd edilib. Bu tip layihələr geniş dəstək qazanmayıb və müzakirələrdə onların Azərbaycan–Ermənistan normallaşma prosesinə zərər verə biləcəyi bildirilib.
İsveçrəli deputat Erix Fontobelin bu mövzunu yenidən gündəmə gətirməsi, əslində artıq bitmiş və beynəlxalq səviyyədə qəbul olunmuş bir prosesə paralel siyasi platforma saxlamaq cəhdinə bənzəyir. Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində rəsmi danışıqlar getdiyi, Qarabağla bağlı separatçı statusun isə faktiki olaraq aradan qalxdığı bir mərhələdə bu tip təşəbbüslərin yenidən qaldırılması sual doğurur: məqsəd nədir?
Rəsmi cavablarda da açıq şəkildə vurğulandığı kimi, həm Bakı, həm də İrəvan bu cür qeyri-rəsmi və “paralel formatları” məqsədəuyğun hesab etmir. Bu halda xarici bir deputatın “təsirə məruz qalan icmalar” adı altında yeni siyasi platforma tələb etməsi, real diplomatik ehtiyaclardan çox, köhnə narrativlərin davam etdirilməsinə xidmət edən bir yanaşma təsiri bağışlayır.
İsveçrə hökumətinin mövqeyi isə daha praqmatikdir: beynəlxalq hüquq yalnız suveren dövlətlərlə işləməyi tələb edir və paralel siyasi mexanizmlər nəinki faydasızdır, hətta normallaşma prosesinə zərər verə bilər. Bu səbəbdən Bern rəsmi xətti dəfələrlə aydın şəkildə ortaya qoyub.
Belə bir şəraitdə əsas sual dəyişmir: əgər Azərbaycan və Ermənistan bu formatı istəmir, İsveçrə hökuməti onu dəstəkləmir, beynəlxalq hüquq isə bunu tanımırsa, Erix Fontobel kimi deputatların bu mövzuda israrı hansı siyasi ehtiyaca xidmət edir? Görünən odur ki, bu, daha çox artıq bağlanmış bir səhifəni yenidən açmaq cəhdidir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Erix Fontobelin son çıxışları bəzi Qərb siyasətçilərinin reallığı qəbul etməkdə çətinlik çəkdiyini göstərir:
“Qarabağ münaqişəsi başa çatıb, Azərbaycanın suverenliyi beynəlxalq səviyyədə tanınıb, separatçı rejim özünü buraxıb və hətta Ermənistan rəhbərliyi də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib. Belə olan halda “Qarabağ ermənilərinin ayrıca tərəf kimi sülh prosesinə daxil edilməsi” tələbi siyasi və hüquqi baxımdan heç bir əsasa söykənmir. Fontobelin israrla bu mövzunu gündəmdə saxlamağa çalışması artıq sülhə xidmət edən təşəbbüsdən daha çox, tarixə qovuşmuş bir siyasi layihəni süni nəfəs aparatına qoşmaq cəhdi təsiri bağışlayır. Əgər Azərbaycan bu formatı qəbul etmirsə, Ermənistan onu dəstəkləmirsə, İsveçrə hökuməti məsafə saxlayırsa və beynəlxalq hüquq da belə bir mexanizmi tanımırsa, onda bu təşəbbüsün real diplomatik məqsəd daşıdığını iddia etmək çətindir. Əslində burada ortaya çıxan mənzərə sadədir: bəzi dairələr regionda yaranmış yeni geosiyasi reallıqla barışmaq istəmir. Onlar uzun illər ərzində formalaşdırdıqları narrativlərin çökməsini qəbul etməkdə çətinlik çəkir və buna görə də artıq hüquqi, siyasi və faktiki əsasını itirmiş mövzuları yenidən dövriyyəyə buraxmağa çalışırlar”.
Ekspert hesab edir ki, Azərbaycan və Ermənistanın ehtiyac duymadığı, İsveçrə hökumətinin də dəstəkləmədiyi bir formatın yaşadılmasına çalışmaq sülh təşəbbüsü deyil, sülhə qarşı addımdır: “Bu cür təşəbbüslər regionun gələcəyini deyil, keçmişin artıq iflasa uğramış gündəmini qorumağa xidmət edir”.
Musavat.com


