Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan nümayəndə heyətinin seçkilərdən dərhal sonra Dilicana səfərinin səbəblərinə aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Dilicana səfəri müxtəlif söz-söhbətlərə səbəb ola biləcəyini əvvəlcədən anlayıb. Onun sözlərinə görə, bu görüş bəzi dairələr tərəfindən 300 min azərbaycanlının Ermənistana qayıdışına hazırlıq kimi təqdim edilə bilərdi.
Bununla belə, Ermənistanın baş naziri görüşün zəruri olduğunu vurğulayıb. O qeyd edib ki, əsas məqsəd regionda müharibə risklərini idarə etmək və yeni təhlükələrin qarşısını almaq olub.
Paşinyanın sözlərinə görə, ölkədə hələ də “dənizdən dənizə Ermənistan” ideyasını dəstəkləyən və Qarabağı geri qaytarmaq istəyən qüvvələr mövcuddur. Baş nazir hesab edir ki, belə çağırışlar gələcəkdə vəziyyəti yenidən gərginləşdirə bilər.
O əlavə edib ki, Ermənistan yeni model üzrə ordu qurduğu bir vaxtda həmin qüvvələrin hakimiyyətə gəlməsi və ordunun müharibə partiyasının əlinə keçməsi ehtimalı narahatlıq doğurur.
Paşinyan məhz bu səbəbdən Azərbaycan nümayəndə heyətinin seçkilərin yekunlaşmasından dərhal sonra Dilicana səfər etdiyini bildirib.


