Ermənistanda 2026-cı il parlament seçkiləri ərəfəsində regionda geosiyasi rəqabətin daha da kəskinləşəcəyi gözlənilir. Xüsusilə Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional kommunikasiyaların açılması məsələsi müxtəlif xarici güclərin diqqət mərkəzindədir. Bu baxımdan seçki prosesi yalnız Ermənistanın daxili siyasi gündəmi deyil, həm də bölgənin gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturası baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda parlament seçkiləri ərəfəsində xarici qüvvələrin fəallaşacağı gözlənilən idi:

“Hazırda Ermənistanda hakimiyyətdə olan Paşinyan hökuməti son 8 il ərzində yürüdüyü ziddiyyətli siyasətlərlə, xüsusilə də Rusiya başda olmaqla xarici gücləri ciddi şəkildə narahat edib. Bu səbəbdən qarşıdakı seçkilər təkcə Ermənistan daxilində deyil, regiondan kənarda da diqqətlə izlənilən prosesə çevrilib. Burada ən fəal tərəflərdən biri Rusiyadır. Kreml davranışları ilə açıq şəkildə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətində olduğunu nümayiş etdirir və revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəyir. Həmin qüvvələrin əsas simaları isə keçmiş prezident Robert Köçəryan və Rusiya ermənisi olan milyarder Samvel Karapetyandır.
Hazırda xarici güclər bu seçkilərə müəyyən mənada siyasi taleyüklü proses kimi yanaşırlar. Hesab edirəm ki, mövcud proseslər Azərbaycan və Türkiyənin maraqları baxımından ümumilikdə qənaətbəxş istiqamətdə inkişaf edir. Böyük ehtimalla Paşinyan əvvəlki seçkilərdəki qədər yüksək nəticə əldə etməsə də, yenidən hakimiyyətdə qalacaq. Bundan sonra isə Ermənistanın uzun illərdir ərazi iddiaları irəli sürdüyü Azərbaycan və Türkiyə ilə münasibətlərində daha sürətli yaxınlaşma müşahidə oluna bilər. Hətta seçkilər keçirilməmişdən əvvəl belə bu yaxınlaşmanın ilkin əlamətləri hiss olunur”.
“Ermənistan hansı addımları ata bilər?” sualını cavablandıran siyasi analitik bildirib ki, Paşinyanın hakimiyyətdə qalacağı halda atılacaq addımlar əsasən bəllidir:
“Bu addımlar sırasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina, eləcə də verilmiş öhdəliklərin yerinə yetirilməsi dayanır. Təbii ki, Rusiya bu proseslərə mane olmağa çalışacaq. Lakin hesab edirəm ki, həm Türkiyə ilə münasibətləri korlamamaq, həm də Azərbaycanla gərginliyi daha da artırmamaq üçün Moskva müəyyən hədləri keçməyəcək.
Paşinyan hakimiyyətdə qalarsa, Zəngəzur dəhlizinin açılması və Azərbaycanla sülh müqaviləsinin yekun şəkildə imzalanması istiqamətində də addımlar ata bilər. Əgər Köçəryan və ya Karapetyan hakimiyyətə gəlsə, Ermənistanın xarici siyasətində ciddi dəyişikliklər baş verəcək. Son illərdə Rusiyadan qismən uzaqlaşma xətti tamamilə dayandırılacaq və Ermənistan yenidən açıq şəkildə Moskvanın təsir dairəsinə daxil olacaq.
Ümumilikdə prosesləri diqqətlə izləmək lazımdır. Ermənistan xarici siyasətdə hələ də müstəqil qərarvermə imkanlarını tam formalaşdıra bilməyib. Azərbaycan isə xarici siyasətini milli maraqlar əsasında müstəqil şəkildə həyata keçirən dövlətdir”.
//Gülnarə Abasova, Editor.az


