Azərbaycan və Özbəkistan arasında qızıl hasilatı sahəsində birgə layihə həyata keçiriləcək. Layihənin Özbəkistanın Qaşqadərya vilayətinin Kitab rayonunda reallaşdırılması planlaşdırılır.
Editor.az xəbər verir ki, bu barədə oktyabrın 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin regiona səfəri zamanı məlumat verilib. Səfərin məqsədi sənaye, kənd təsərrüfatı və sosial sahələrdə həyata keçirilən layihələrlə tanış olmaq olub.
Qızıl hasilatı təşəbbüsü regionda nəzərdə tutulan investisiya layihələrindən biridir. Bununla yanaşı, Şəhrisəbz rayonunda Rusiya investorlarının 300 milyon dollar sərmayə ilə böyük turizm kompleksi inşa etməsi planlaşdırılır. Kompleksə hotel, kanat yolu və xizək kurortu daxil olacaq.
Səfər zamanı Mirziyoyev Qaşqadərya vilayətinin iqtisadi inkişafına da toxunub. Onun sözlərinə görə, son beş ildə regiona 20 trilyon som, yəni təxminən 1,6 milyard dollar investisiya yatırılıb. Cəlb olunan xarici sərmayələrin ümumi həcmi isə 7 milyard dollara çatıb.
Prezident regionda xammalın daha dərindən emalı, yeni istehsal sahələrinin yaradılması və əhalinin gəlirlərinin artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, yerli məhsulların bilavasitə regionda emal edilməsi üçün əlavə imkanlar yaradılmalıdır.
Mirziyoyev xarici investorların regionun inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, yeni texnologiyaların və innovasiyaların tətbiqinin əhəmiyyətini qeyd edib.
Özbəkistan Prezidenti 2027-ci ilin müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadəryanın inkişafına həsr olunacağını bildirib. Səfər çərçivəsində o, simvolik düyməni basaraq bir sıra yeni obyektlərin tikintisinə start verib.

