Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı cəbhə xəttinin əsas götürülməsi ilə müharibənin dayandırılmasını nəzərdə tutan mümkün razılaşmaya müsbət yanaşdığını bildirib.
Editor.az xəbər verir ki, Zelenski bu barədə “Fox News” jurnalisti ilə söhbəti zamanı danışıb.
Müsahibə zamanı Ukrayna ərazilərinin ən azı 75 faizinin Kiyevin nəzarətində qalması və mövcud vəziyyətin sülh razılaşması ilə rəsmiləşdirilməsi variantı prezidentə ünvanlanan sualda gündəmə gətirilib. Zelenski bu təkliflə razılaşıb-razılaşmayacağı barədə suala “Bəli” cavabını verib.
Ukrayna lideri həmçinin müharibə səbəbindən evlərini itirərək xarici ölkələrə üz tutan vətəndaşların geri qayıtmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hazırda xaricdə yaşayan 9,5 milyon ukraynalının ölkəyə dönməsi və vətənlərinin gələcəyini qurmasında iştirak etməsi arzuolunandır.
“Bizə evlərini itirmiş və xaricdə yaşayan 9,5 milyon insan lazımdır. Onların Ukraynaya qayıtmalarını istəyirik ki, sadəcə yaşasınlar və öz ölkələrini qursunlar”, – deyə Zelenski bildirib.
Prezidentin açıqlaması müharibənin mövcud cəbhə xətti boyunca dayandırılması ehtimalının müzakirə oluna biləcəyinə işarə edir. Belə bir yanaşma döyüşlərin dayandırılması üçün hazırkı hərbi vəziyyətin nəzərə alınmasını nəzərdə tutur.
Bununla belə, Zelenskinin cavabı yekun sülh razılaşmasının əldə olunduğu və ya ərazi məsələləri ilə bağlı rəsmi qərar verildiyi anlamına gəlmir. Müharibənin dayandırılması ilə bağlı konkret razılaşmanın əldə olunması üçün tərəflərin mövqelərinin uzlaşdırılması tələb olunur.

