Kiyev Moskvanı Qara dənizdə mülki obyektlərə qarşı hücumları dayandırmağa çağırıb
Ukrayna Rusiyaya Qara dənizdə mülki hədəflərə qarşı hücumların qarşılıqlı şəkildə dayandırılmasını təklif edib. Bu barədə Reuters agentliyi məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Kiyev təklifini üçüncü tərəf vasitəsilə Moskvaya çatdırıb. Ukrayna hazırda Rusiyanın cavabını gözləyir.
Təklif Qara dənizdə son həftələrdə gəmilərə və liman infrastrukturlarına qarşı hücumların artdığı bir vaxtda irəli sürülüb. Hücumlar Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına və beynəlxalq ərzaq tədarükünə dair narahatlıqları artırıb.
Reuters-in məlumatına görə, Ukraynanın Odessa vilayətindəki limanlardan taxıl ixracı təhlükəsizlik səbəbindən ciddi şəkildə azalıb. Agentlik avqust ayında Ukraynanın taxıl ixracının ötən ilin eyni dövrü ilə müqayisədə 76 faiz azaldığını bildirib.
Rusiya tərəfi isə təkliflə bağlı hələ rəsmi açıqlama verməyib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl Moskvanın Qara dənizdə atəşkəslə bağlı rəsmi təklif almadığını bildirmişdi.
Qara dənizdə təhlükəsizliyin təmin olunması xüsusilə Ukraynanın taxıl ixracı baxımından mühüm əhəmiyyət daşıyır. Bölgədə gərginliyin azalması qlobal ərzaq bazarlarına mümkün təzyiqlərin də zəifləməsinə səbəb ola bilər.
//Samir Qurbanov, Editor.az

